İDMAN

Avropa belə möhtəşəm "Qarabağ" gözləmirdi: çempionu darmadağın etdi

"Qarabağ" klubunun rəsmi Facebook səhifəsində hadisə ilə bağlı Lüksemburqun idman nazirinin stadionda çıxış edərək ölkələrinin adından bütün Azərbaycan xalqından üzr istədiyi bildirilib
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Oktyabrın 3-də Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan çempionu “Qarabağ”  Lüksemburqda, “Josi Bartel” stadionunda yerli “Düdelanj”la üz-üzə gəlib.

Oyunun ilk yarısında Ağdam klubu rəqibin qapısından iki top keçirib. Matçın 11-ci dəqiqəsində Abdullah Zubir, 30-cu dəqiqədə isə Miçel fərqləniblər.

Avropa belə möhtəşəm "Qarabağ" gözləmirdi: çempionu darmadağın etdi

Bundan sonra oyunda qarışıqlıq yaranıb. Buna səbəb isə separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb.

"Qarabağ" klubunun rəsmi Facebook səhifəsində hadisə ilə bağlı Lüksemburqun idman nazirinin stadionda çıxış edərək ölkələrinin adından bütün Azərbaycan xalqından üzr istədiyi bildirilib:

""Düdelanj" - "Qarabağ" matçında komandamızın ikinci qolundan sonra stadionda baş verən təxribatçı hərəkətlərə və qondarma ölkənin bayrağının stadiona gətirilməsinə görə qarşılaşmada 20 dəqiqəlik fasilə yarandı və UEFA-nın təcili iclası keçirilib. Lüksemburqun idman naziri stadionda çıxış edərək ölkələrinin adından bütün Azərbaycan xalqından üzr istəyib və bu hadisənin onlardan asılı olmayan səbəbə görə baş verdiyini bildirib. Və bu məsələdə əli olanların ən qısa zamanda tapılacağı və cəzalandırılacağı da bildirilib", - deyə paylaşımda qeyd olunur.

Məcburi fasilədən sonra oyun davam etdirilib. 38-ci dəqiqədə rəqibin cərimə meydançasında top uğrunda mübarizədə yıxılan Riçard Almeyda penalti zərbəsi qazanıb və heç gözlətmədən hesabı 0:3-ə çatdırıb.

Fasilədən sonra oyun yenə də "Qarabağ"ın üstünlüyü ilə keçib. 62-ci dəqiqədə ikinci sarı vərəqə alan Mikael Qaro meydanı tərk edərək "Qarabağ"a "Düdelanj" qarşısında bir qədər də üstünlük qazandırıb. 69-cu dəqiqədə Dani Kintana möhtəşəm zərbə ilə komandasının 4-cü qolunu vurub. 

Oyunun son dəqiqələrində Antuan Bernye müdafiəçilərimizin qarışıqlığından istifadə edərək "Düdelanj"ın təsəlli qoluna imza atıb.

Lüksemburq komandasının qapısı qarşısında daha bir neçə təhlükəli vəziyyət yaransa da, oyun 1:4 hesabı ilə "Qarabağ"ın qələbəsiylə başa çatıb.

"Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4
Qollar: Abdullah Zubir, 11`, Miçel, 31`, Almeyda, 38`-pen, Dani Kintana, 69`, Antuan Bernye, 88`
Qırmızı vərəqə: Qaros, 62-ikinci sarı vərəqə ("Düdelanj")

Bu qələbə ilə 3 xal toplayan "Qarabağ" klubu turnir cədvəlinin ikinci sırasında yer alır.