Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 1 oktyabr — Sputnik. Bu günlərdə Nazirlər Kabineti ""Şimal-Cənub" Nəqliyyat Dəhlizinin Azərbaycandan keçəcək hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə" qərar verdi.
Qeyd edək ki, paytaxtda dəmiryollarının mühafizə zolağına düşən xeyli sayda tikili var. Hətta camaat arasında "Şanxay" kimi məşhurlaşan ərazidə xeyli sayda evin qapısı dəmiryoluna açılır. Bu ünvanda yaşayanlar dəmiryolu xəttindən yol kimi istifadə edirlər. Uşaqlar dəmiryol relslərinin üzərində oynayır. Bəs görəsən həmin ünvanda, eləcə də dəmiryolu xətlərinin mühafizə zolağında inşa edilmiş tikililərin dövlət ehtiyacları üçün alınması, əhalinin köçürülməsinə nə vaxt başlanacaq?
Sputnik Azərbaycan bu sualla "Azərbaycan Dəmir Yolları" QSC-ə müraciət edib. Qurumun Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib ki, hamının "Şanxay" kimi tanıdığı ərazidə, daha dəqiq desək P.Fərzəliyev küçəsində (Dəmir Yolunun 2-ci blok-post – Böyük Şor mənzilində və 2-ci blok- post Əhmədlidə) evi mühafizə zolağına düşən 455 nəfərin mənzil şəraiti yaxşılaşdırılıb:
N.Bayramova bildirib ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycan Dəmir Yollarında da sürətli qatarların təhlükəsiz hərəkəti və insanların təhlükəsizliyinin təmin olunması üçün mühafizə zolağı boyunca, xüsusilə təhlükəli ərazilərdə çəpərləmə və hasarlama işləri aparılır: "Qeyd edək ki, dəmir yolunun təhkim zolağındakı adıçəkilən tikililərin hamısı qeyri-qanuni idi. Nazirlər Kabineti 23 fevral 2005-ci ildə "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları"nın təsdiq edilməsi haqqında" 33 saylı qərar qəbul edib. Sənədin müvafiq bölməsində qeyd edilib ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Həmin ərazidə hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır".