BAKI, 29 sentyabr — Sputnik. Fransanın PSJ klubunun braziliyalı forvardı Neymar həlledici qolu vurduğu "Jironden de Bordo" klubu ilə son oyunu jurnalistlərə şərh edib. Eyni zamanda braziliyalı yayda tərk etmək istədiyi klubla bağlı fikirlərini bildirib.
Sputnik AzərbaycanMarca-ya istinadən bildirir ki, oyunla bağlı Neymar deyib: "Öz komandama kömək etmək, qol vurmaq imkanına, növbəti üç xalı topladığımıza və işimizə yaxşı davam etdiyimizə görə xoşbəxtəm".
Vacib qol üçün ötürmə edən Mbappe haqda danışan braziliyalı ona daha çox kömək etməli olduqlarını vurğulayıb: "Videoya baxdıqdan sonra o, soyunub-geyinmə otağında mənə dedi ki, sənə daha çox ötürmə verə bilərdim. Ancaq bu, oyundur. Biz özümüzü yaxşı hiss edirik. Meydançada da, ondan kənarda da yaxşı anlaşırıq. Onun qayıdışına, təbəssümünə, sərgilədiyi futbola görə şadam. Təkcə mən yox, bütün komanda buna sevinir. O, dünyanın ən yaxşı futbolçularındandır. Kilian sahəyə çıxanda onun sürəti hər şeyi daha asan edir. Bütün oyunçular yaxşı futbolçularla oynamağı sevirlər, mən də bu məsələdə unikal deyiləm".
"PSJ azarkeşləri ilə münasibətləriniz necədir?" sualına cavabında Neymar qəribə bənzətmədən istifadə edib.
"Hesab edirəm ki, daha yaxşıdır. Bu, sevdiyin qızla münasibətə bənzəyir. Hansısa problem yarananda hər kəs öz yerində qalır. Amma böyük məhəbbət və isti qucaq hər şeyi əvvəlki vəziyyətinə qaytarır. Mən PSJ-yə kömək üçün buradayam. Klubun oyunçusu kimi, onun qələbə qazanması üçün, birlikdə qazanmaq üçün həyatımı verəcəm", - Neymar bildirib.
Xatırladaq ki, bu yay İspaniyanın "Barcelona" klubuna qayıdışı müzakirə olunan Neymar bəzi açıqlamaları, xüsusilə də Çempionlar Liqasında indiki komandasına vurulan 6 cavabsız qolu futbolun ən gözəl xatirəsi sayması ilə azarkeşləri özündən çıxarmışdı. Onlar dəfələrlə meydanda Neymarın ünvanına təhqir dolu şüarlar açaraq, söyüblər.