BAKI, 29 sentyabr — Sputnik. "Milli birlik" partiyasının lideri Marin Le Pen bazar ertəsi təşkil ediləcək Jak Şirakla vida mərasiminə buraxılmayacaq. Bu qərarda eks-prezidentin ailəsi israr edir.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, Fransa Prezidenti Emmanuel Makron və 30 xarici ölkə başçısının iştirak edəcəyi rəsmi mərasim bazar ertəsi Parisdə, Sen-Sülpis kilsəsində keçiriləcək.
Bir müddət öncə Marin Le Pen mərasimdə iştirak etmək niyyətində olduğunu bildirmişdi. Bazar günü France Press agentliyi Şirakın qohumlarının Le Penin vidada iştirakını istəmədikəri xəbərini yayıb.
"Şirak ailəsinin fransız xalqının bütün seçilən nümayəndələrinin keçmiş prezidentin xatirəsinə təşkil olunacaq mərasimə qatılmasına imkan verən respublika adətlərinə hörmət etməkdən boyun qaçırdığına görə çox təəssüf edirik", - deyə Fransa parlamentinin üzvü olan Le Pen Twitter-də yazıb.
Jak Şirak sentyabrın 26-da 86 yaşında vəfat edib. O, 1995-2007-ci illərdə Fransanın prezidenti olub. Bazar ertəsi, sentyabrın 30-u Jak Şirakın ölümü ilə əlaqədar milli matəm günü elan edilib. Eks-prezident Parisin Monparnas qəbristanlığında, böyük qızı Loransın yanında dəfn olunacaq.