BAKI, 29 sentyabr — Sputnik. İraqın Mədəniyyət və Turizm naziri Əbdüləmir əl Hamdani bəyan edib ki, UNESCO-nun Babilistanı Dünya İrs Siyahısına salması gecikmiş addımdır.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, İraqda yerləşən Babilistan xarabalıqlarını UNESCO-nun Ümumdünya İrs Siyahısı Komitəsi bu ilin iyulunda Bakıda keçirilən 43-cü sessiyasında Dünya Mədəni İrs Siyahısına salmışdı.
"Babilistan qədim dünyanın ən yaşlı şəhərlərindən olub. O, bütün insanlıq üçün işıq mənbəyi olub, yaradılışın tarixi oradan başlayıb. Ona görə də bu şəhərin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması tamamilə doğru addım idi, ancaq o addım keçmişdəki səhvlər, xüsusən qeyri-peşəkar xidmət üzündən xeyli gecikib", - Hamdani bildirib.
O əlavə edib ki, UNESCO-nun qərarından sonra nazirlik yerlərdə məbədləri qorumaq və qədim şəhəri bərpa etmək üçün xüsusi arxeoloji qruplar təşkil edib.
Nazirin sözlərinə görə, İraq hökuməti bu məqsədlə bu il 49 milyon dollar ayırıb və gələn il də eyni məbləğdə vəsait sərf etməyi planlaşdırır.
Babilistanın xarabalıqları Bağdaddan 90 km cənubda, Əl-Hill şəhərinin yaxınlığında yerləşir.