CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polisi canilərə "satanlar": xaosu kimlər arzulayır?

"Digər ölkələrin təcrübəsinə baxanda aydın şəkildə görmək mümkündür ki, polis ona müqavimət göstərən şəxslərə qarşı silahdan istifadə edir. Bu ölkələrdə nəinki polisə müqavimət göstərmək, hətta aqressiv baxmaq da olmaz"
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Son zamanlar cəmiyyətdə polisə qarşı aqressiya müşahidə edilir. Vətəndaşların polisə qarşı aqressiv davranışları bütün sahələrdə özünü göstərir.

Məsələn, elə bir neçə gün öncə Sabunçu rayonu ərazisində vətəndaşın polisin üzərinə yandırıcı məhlul tökərək, onu yandırmağa cəhd etməsi, sürücünün yol polisi əməkdaşını təhqir etməsi faktları polisə qarşı aqressiyanı bir daha göz önünə gətirdi.

Bakıda polis gözü dönmüş ərin qəzəbinə gəldi, ölümdən son anda qurtuldu

Dünya təcrübəsində polis qanun hesab edilir. Və hətta qanuna qarşı çıxan şəxslər, polisə müqavimət göstərənlər dərhal cəzalandırılırlar. Azərbaycan polisinin belə səlahiyyəti olsa belə, hər zaman vətəndaşla qanunvericilik çərçivəsində, səbrlə davranmağa çalışır. Bütün bunlara baxmayaraq, cəmiyyətdə polisə qarşı aqressiya səngimir.

Səbəb nədir? Polisin reputasiyasını bu qədər aşağılayan, polisi qanun kimi tanımaqdan imtina edən bir cəmiyyətin formalaşmasında səbəbkar kimdir?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Millət vəkili Aqil Abbasın fikrincə, xaricdə və ölkə daxilində müəyyən qüvvələr var ki, Azərbaycan polisini nüfuzdan salmaq üçün cəhdlər edir. Trollar, müəyyən sayt və qəzetlər müəyyən mənbədən maliyyələşərək, bunun üçün çalışır: "Onların əsas məqsədi polisin gözünü qorxutmaqdır. Çalışırlar ki, sabah hər hansı hadisə baş verəndə polis trollardan, saytlardan çəkinib, müəyyən addım atmasın".

O qeyd edib ki, polis dünyada yeganə təşkilatdır ki, 8 saatlıq iş rejimi ilə çalışmır. Polis hər zaman keşikdədir.

"Mənim bir oğlum 19 ildir ki, daxili işlər orqanlarında çalışır. Və mən bilirəm ki, polisin həyatı necə olur. Bircə onu deyə bilərəm ki, yol polisi olmasa, maşınla üzərimizdən keçərlər. Azərbaycan sərhədlərini keçin, fikir verin, bütün ölkələrdə polis avtomatla silahlanıb. Yol polisi varsa, mütləq avtomobili saxlamalısan. Azərbaycanda əmin-amanlıq var. Mən millət vəkiliyəm və hərdən avtomobillə Rusiyaya gedirəm. Bir dəfə də olsun, qanun pozmamışam", - deyə Aqil Abbas qeyd edib.

Millət vəkili əlavə edib ki, Azərbaycan polisinin səlahiyyəti digər ölkələrdə olduğu kimi olsa da, Azərbaycan polisi bu səlahiyyətindən istifadə etmir: "Xarici ölkələrdə sürücü polisə tabe olmayıb, saxlamasa, o vətəndaş polis tərəfindən vurula bilər. Azərbaycanda isə vətəndaşlar polisə tabe olmurlar. Unudurlar ki, polisi nüfuzdan salmaq cinayətkarlığın artması deməkdir".

"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin fikrincə, polislə aqressiv davranış vətəndaşların əxlaqından, tərbiyəsindən irəli gəlir. Qanunlardan, ölkədəki vəziyyətdən xəbəri olan vətəndaşlarsa polislə aqressiv davranmırlar: "Digər ölkələrin təcrübəsinə baxanda aydın şəkildə görmək mümkündür ki, polis ona müqavimət göstərən şəxslərə qarşı silahdan istifadə edir. Bu ölkələrdə nəinki polisə müqavimət göstərmək, hətta aqressiv baxmaq da olmaz. Bu həmin ölkələrdə polisin fəaliyyətinə verilən qiymətdir".

Ş.Əliyev qeyd edib ki, polisin fəaliyyəti qanunla mühafizə olunmalı və qanunların tələbi vətəndaşlara aşılanmalıdır.

Polisdən vətəndaşlara müraciət: "Düşüncə tərziniz bu olmalıdır"

"Bir fakta nəzərə salaq: Azərbaycan vətəndaşlarının Konstitusiya ilə vəzifələri çox azdır, hüquqları isə həddən artıq çoxdur. Son Gəncə hadisələrini xatırlayaq. Həmin hadisələrdə Gəncə Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar müəllim həddini aşmış kütlənin qarşısına əliyalın, heç bir xidməti, texniki vasitələrdən istifadə etmədən çıxmışdı. O, insan selini danışıqlarla sakitləşdirmək istəmişdi. Ancaq qarşı tərəf silahları işə saldı və polisi qətlə yetirdi. Əslinə baxanda burada polis ona təhkim edilmiş silahdan istifadə edə bilərdi. Bu, "Polis haqqında" qanunda və "Əməliyyat-axtarış haqqında" qanunda öz əksini tapıb", - deyə o bildirib.

Ş.Əliyev hesab edir ki, öz canını fəda edən, rahat gecələrini Azərbaycan vətəndaşları üçün narahat keçirən polis əməkdaşları var:

"Bu polislər həmin insanlardır ki, vaxtilə özünü erməni qəsbkarlarının qarşısına atıblar. Milli Qəhrəman polislərimiz var. Bu gün də polislərimiz həmin iradəyə sahibdirlər. Polisin içdiyi anda sədaqəti var. Polis işçiləri bu gün qanunvericiliyə xidmət edirlər".

Həmsöhbətimiz hesab edir ki, polisin fəaliyyətində qüsur və çatışmazlıqlar da var. Polis əməkdaşları arasında öz xidməti səlahiyyətlərinə məsuliyyətli yanaşmayan əməkdaşlar orqandan xaric edilirlər. Onların barələrində cinayət prosessual işləri də qaldırılır: "Polisin üzərinə getmək, onun fəaliyyətinə kölgə salmaq - polisi cinayətkar aləmin ayağına vermək deməkdir. Cəmiyyət öz davranışını qəlibə salmaq iqtidarında olmasa, o zaman xaotik bir mühit yaranacaq".