MƏDƏNİYYƏT

Azərbaycanlı "Almaniyanın səsi" vokal layihəsini fəth edib - VİDEO

Azərbaycanlı müğənni Seyran İsmayılxanov Mustafa Sandalın mahnısını oxuyaraq Almaniyanın dünya şöhrətli "The Voice" ("Səs") layihəsinin kastinqlərindən keçib
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanlı müğənni Seyran İsmayılxanov Almaniyanın dünya şöhrətli "The Voice" ("Səs") layihəsinin kastinqlərindən keçib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni layihədə türk ifaçı Mustafa Sandalın repertuarındakı "Aya bənzər" mahnısını ifa edib. Bu kompozisiya ona böyük uğur gətirib. Münsiflər heyətinin bütün üzvləri düyməni basaraq ona sarı dönüblər.

Layihənin münsiflərindən biri, məşhur musiqiçi Raymon Qavri müğənnidən istənilən digər kompozisiyanı oxumağı xahiş edib. İsmayılxanov anasının müşayiəti altında Rəşid Behbudovun "Sənə də qalmaz" mahnısını ifa edib.

O, musiqi təlimçisi kimi kürd əsilli reper Sidonu seçib və bundan sonra vokal layihəsində onun komandasında öz iştirakını davam etdirəcək.

Nərmin Kərimbəyova: "Avroviziya" yarışında kimin şəxsi tanışlığı varsa, o keçir"

Qeyd edək ki, Seyran İsmayılxanov 1980-ci ildə Bakıda anadan olub. O, bir neçə dəfə "Avroviziya"nın Azərbaycan üzrə milli seçim turlarında iştirak edib. Onun mahnıları nəinki Almaniyada, həmçinin Azərbaycanda, Türkiyədə və dünyanın digər ölkələrində populyarlıq qazanıb.

Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. O, Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə bir çox beynəlxalq müsabiqə, festival və konsertlərdə çıxış edib.