BAKI, 28 sentyabr — Sputnik. Daxili İşlər naziri Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əmrə əsasən, ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi noyabr ayının 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.
Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.