Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 28 sentyabr — Sputnik. "Azərbaycanda aprel ayından bu günədək 96 nəfəri ilan sancıb".
Bu barədə Sputnik Azərbaycan-a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib. A.Maqsudov bildirib ki, Mərkəzə gətirilənlər arasında ağır vəziyyətdə olanlar da olub. Amma şöbə müdiri Kliniki Tibbi Mərkəzdə bu mövsüm ilansancmadan ölüm halının qeydə alınmadığını bildirib.
A.Maqsudov ilansancma hallarının əsasən Aran bölgələrində qeydə alındığını söyləyib. Onun sözlərinə görə, ilansancma hadisələri daha çox Şirvan, Hacıqabul, Bərdə, Yevlax və Kürdəmir rayonları ərazisində qeydə alınıb. Şöbə müdiri deyib ki, ilan sancanlardan 14-ü uşaq olub. O qeyd edib ki, ilan sancan şəxslərin 30 faizini qadınlar, yerdə qalanını kişilər təşkil edib.
Qeyd edək ki, hər il Səhiyyə Nazirliyi ilansancma hadisələrində tibbi-yardım üçün rayon xəstəxanalarına, kəndlərdəki tibb məntəqələrinə zərdab paylandığını bəyan etsə də, regionlarda ilan sancan şəxslərin dünyasını dəyişməsi zərdab çatışmazlığı olduğundan xəbər verir.