CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda erkən doğuşla bağlı statistika açıqlandı

2011-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən 4392 uşaq doğulmuşdusa, 2018-ci ildə bu yaş kateqoriyasından olan qadınlar tərəfindən 2129 uşaq dünyaya gəlib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda son yeddi ildə erkən yaşda ana olanların sayı azalıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova məlumat verib.

Komitə ölüm, boşanma, nikah və doğum səviyyəsini açıqlayıb

O bildirib ki, 2011-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən 4392 uşaq doğulmuşdusa, 2018-ci ildə bu yaş kateqoriyasından olan qadınlar tərəfindən 2129 uşaq dünyaya gəlib: "Statistik rəqəmlər də göstərir ki, son illər yeniyetmələr tərəfindən erkən doğum halları azalıb. Ümumi statistikaya nəzər yetirsək görərik ki, son yeddi ildə 15-17 yaşlı qadınlar tərəfindən doğuş iki dəfə azalıb".

A.Veysəlova son illər erkən nikaha qarşı maarifləndirmə işlərinin daha çox aparıldığını, yeniyetmə dövründə ana olmağın uşaq və ananın səhhətində yaratdığı mənfi fəsadlar barədə ictimaiyyətə məlumatlar verildiyini söyləyib. O qeyd edib ki, yeniyetmələr tərəfindən doğum hallarının azalması aparılan maarifləndirmə işlərinin, əhalinin savadlanmasının nəticəsi kimi qiymətləndirilir.