İQTİSADİYYAT

Lombard kreditləri ilə bağlı inqilabi təklif var

Ekspert: "5-15 min manatla real iqtisadiyyata töhfə verə biləcək hansısa bir layihənin reallaşması, investisiyaların həyata keçirilməsi mümkün deyil"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda lombard kreditlərinin verilmə müddətinin artırılması təklif edilir. Bunu APA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, "Lombardlar haqqında" qanun layihəsinin üzərində işçi qrup tərəfindən iş aparılır: "Qanun layihəsində bir neçə məsələ var ki, biz ona toxunmuşuq. Bunlardan biri lombardlar tərəfindən kreditlərin on iki aydan artıq olmayan müddətə verilməsidir. Niyə bu müddət 2, 3 il olmasın? Bir də sənəddə kreditin maksimum miqdarı mütləq təyin olunmalıdır. Hesab edirəm ki, bu məsələlər öz həllini tapmalıdır. Hazırda sənədin üzərində işçi qrup tərəfindən iş aparılır". 

Pensiyaçılara kredit vermirlər, çünki onların ölmək kimi adətləri var

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında, lombard kreditlərinin verilmə müddətinin artırılmasının tərəfdarı olduğunu deyib: "Bir il ərzində verilən kreditlər real iqtisadiyyatda, real sektorda, istehsalda, kənd təsərrüfatında kreditləşməyə, investisiyalara səbəb olmur. Çünki 1 il müddətinə verilən kreditlər əksər hallarda ya istehlak kreditləri, yaxud da əməliyyatlarla bağlı olur. 1 il ərzində hansı biznes layihəsini tam şəkildə reallaşdırmaq olar? Bir ildə ancaq spekulyativ əməliyyatlar həyata keçirilə bilər. Ona görə də lombard kreditlərinin verilmə müddəti artırılmalıdır. Bu, birmənalı fikirdir, bütövlükdə iqtisadi proseslərin məntiqindən irəli gələn məsələdir. Digər tərəfdən faizlər yumşalmalıdır. Amma burada nəzarət mexanizmləri olmalıdır".

"Qanun layihəsində kreditin maksimum həcmi göstərilməlidirmi" sualına professor belə cavab verib: "Kreditləşmə ilə bağlı hansısa məhdud rəqəmlərin formalaşması iqtisadi proseslərə xidmət etmir. Burada mikrokreditlər olsa, aşağı məbləğdə vəsaitlər ayrılsa, bu, yenə də əksər hallarda spekulyativ kreditləşməyə istiqamətlənəcək. Məsələn, 5-15 min manatla hansısa real iqtisadiyyata töhfə verə biləcək bir layihənin reallaşması, investisiyaların həyata keçirilməsi mümkün deyil. Düzdür, müəyyən sahələr var ki, orada mikrokreditlərdən istifadə oluna bilər. Amma əgər biz lombard bazasında iqtisadiyyatın real sektorunu canlandırmağa çalışırıqsa, burada məhdudiyyət olmamalıdır".

"Sənəddə kreditin maksimum həcmi təyin edilsə, lombard kreditlərinin iqtisadiyyatın inkişafına heç bir real töhfəsi olmayacaq. Daha ehtiyatlı yanaşma olmalıdır. Məhdudiyyətlərin qoyulması real iqtisadiyyatın inkişafına töhfə verməyəcək" - deyə ekspert əlavə edib.

Problemli kredit sahiblərinə yeni xəbər

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, ümumiyyətlə, burada kreditlərin verilmə müddətinin qoyulması düzgün deyil: "Qanunvericilikdə hər bir məhdudiyyətin mənası olmalıdır və burada məhdudlaşma ilə nə əldə edilir? Heç nə əldə edilmir. Bəlkə vətəndaşa kredit 2 il müddətinə lazımdır. Lombard kreditlərin verilmə müddəti nəinki artırılmalıdır, ümumiyyətlə, müddət ləğv edilməlidir. Onda gərək bankların da verdiyi kreditlərə müddət qoymalıyıq? Tərəflər özləri bunu müəyyən etməlidir".

O bildirib ki, sənəddə kreditin maksimum miqdarı göstərilməməlidir: "Lombard krediti girov ilə təmin edilirsə, burada məhdudiyyətin qoyulmasına ehtiyac yoxdur".

Ekspert onu da əlavə edib ki, xaricdə hər bir qanun layihəsinin ətraflı arayışı dərc edilir və orada bu dəyişikliklərin niyə edildiyi göstərilir: "Yəni sadə insanlar, mətbuat bunu anlamalıdır. Hətta inkişaf etmiş ölkələrdə həmin arayışlar məhkəmə tərəfindən istifadə olunur. Bizdə isə arayışlar dərc edilmir".

Qeyd edək ki, "Lombardlar haqqında" qanun layihəsinin 10-cu maddəsində (Kredit müqaviləsi) qeyd edilib ki, lombardlar tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir. Amma sənəddə lombard kreditinin miqdarı öz əksini tapmayıb.

Qanun layihəsinin müzakirəsi zamanı deputatlar lombardlar tərəfindən kreditlərin 1 il müddətinə verilməsinə etiraz edib, bu müddətin artırılmasını təklif ediblər.

Xatırladaq ki, sentyabrın 30-da keçiriləcək Milli Məclisin plenar iclasında "Lombardlar haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılacaq.