BAKI, 26 sentyabr — Sputnik. "Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumda İranın günahkar elan olunmasını düzgün hesab etmirəm". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "Fox" telekanalına müsahibəsində müvafiq sualı cavablandırarkən bildirib.
"Hücumun Yəmən bölgəsindən həyata keçirildiyi açıq-aşkardır. Hücumlarda İranın günahkar elan olunmasını düzgün hesab etmirəm. Çünki sənədlər, dəlillər tamamilə başqa bir şeyi deyir", - Ərdoğan vurğulayıb.
ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etdiyini xatırladan jurnalistin "ABŞ-ın sanksiyalarını pozmaqdan çəkinirsinizmi?" sualını Ərdoğan belə cavablandırıb: "Güclünün haqlı olduğu bir dünya olmamalıdır. Ədalət, haqqın bərqərar olduğu dünyada yaşamalıyıq. Sanksiyalar məsələsinə gəldikdə, bunlar yeni bir şey deyil. İran bizim qonşumuzdur. Sanksiyaların həll yolu olmamasını da görmüşük".
Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.
Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda, neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin metan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.