BAKI, 24 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığının mətninin çərşənbə günü dərc olunmasına razılıq verib.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Tramp özünün Twitter səhifəsində yazıb.
"Mən hazırda Birləşmiş Millətlər Təşkilatında ölkəmizi təmsil edirəm, ancaq Ukrayna Prezidenti Zelenski ilə telefon danışığımızın tam, redaktə olunmamış bütöv mətninin sabah dərc edilməsinə icazə vermişəm", - Tramp qeyd edib.
ABŞ Prezidenti jurnalistlərə bildirib ki, Ukraynaya yardım edilməsinə qadağa qoymağa davam edəcək. Politoloq Vadim Petrov Sputnik radiosuna açıqlamasında bildirib ki, bu, bir neçə il öncə Kiyevdə araşdırılan bir korrupsiya cinayəti ilə bağlıdır.
Tramp, Baydenlər ailəsi və Ukrayna hökuməti ətrafında vəziyyət ABŞ və Ukrayna prezidentlərinin 2019-cu ilin iyulunda apardıqları telefon danışıqları ilə bağlı KİV-də yayılan məqalələrdən sonra ictimaiyyətin diqqət mərkəzinə düşüb. KİV iddia edib ki, söhbət zamanı Amerika lideri Ukrayna hökumətini kiçik Bayden haqda istintaq aparmağa məcbur edib. ABŞ Konqresində demokratlar prezidenti qanunları pozmaqda şübhəli bilərək danışığın mətnini yaymağı tələb ediblər və iddiaları gerçəkləşərsə, impiçment irəli sürəcəkləri ilə hədələyiblər.
Tramp isə bunu danır və hesab edir ki, bu əhvalat hökumət başçısı olmaq üçün namizədliyini isrəli sürmüş və oğlu da guya Ukraynada korrupsiya cinayətinə qoşulmuş Baydeni qorumaq üçün quraşdırılıb.
Baydenin oğlu Hanter Ukraynada ən iri şəxsi qaz şirkətlərindən olan Burisma Group-un direktorlar şurasının üzvü idi. ABŞ-ın vitse-prezidenti olduğu zaman Co Bayden 2016-cı ildə Kiyevdən sərt antikorrupsiya siyasəti aparmağı və bu kampaniya çərçivəsində ovaxtkı baş prokuroru vəzifəsindən azad etməyi tələb edirdi. Həmin vaxt Ukraynanın baş prokuroru olmuş Yuri Lutsenko Burisma-nın fəaliyyətini araşdırırmış. Bunlara baxmayaraq, Lutsenko bildirib ki, nə Co Baydenin, nə də oğlunun ölkə ərazisində hər-hansı qanun pozuntusu etdiyi barədə məlumata malik deyil.