Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 24 sentyabr — Sputnik. "Milli Məclisin payız sessiyasında dini qurumlarla bağlı qanunvericilikdə dəyişikliklərlə bağlı müzakirələr gedir. Hələ ki bu müzakirələr yekunlaşmayıb. Çox güman ki, müzakirələrin gedişatında qanun layihəsi də təqdim olunacaq".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Qəbiristanlıqların statuslarının müəyyənləşdirilərək bələdiyyələrə verildiyini vurğulayan deputat mövcud problemlərə də diqqət çəkib: "Lakin bələdiyyələrin addımlarını hansı formada gerçəkləşdirəcəyi bəlli deyil. Bundan başqa, müəyyən mərasimlərin tənzimlənmə məsələsi də bu gün gündəlikdədir. Çünki mərasimlərin indiki durumu əhalinin yoxsul təbəqəsi üçün böyük problemlər yaradır. Bir çox hallarda cahillikdən, insanların islamın şərtlərini bilmədiyindən belə hallar müşahidə edilir", - deyə o əlavə edib.
Millət vəkili bildirib ki, bu gün nümunəvi qəbiristanlıqların yaradılması məsələsi də gündəmdədir: "Çünki standartlardan kənar qəbirdaşları vətəndaşları əlavə məsrəfə salır. Həm də estetik baxımdan da müəyyən söz-söhbətə səbəb olur".
"Hələlik konkret olaraq bir layihə haqda danışmaq çətindir. Çünki bu məsələ ciddi cilalanmış müzakirədən keçməlidir", - deyə o əlavə edib.