CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yarmarkaya gətirilən balların bir qismi keyfiyyətsiz çıxdı

Arıçılıq məhsulları "Aqrar Tədarük və təchizat" ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarına daxil olduqdan sonra İnstitutun əməkdaşları tərəfindən nümunələr götürülür
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Bal yarmarkasına satış üçün gətirilən ballar arasında keyfiyyət göstəriciləri aşağı olan məhsullar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın rəsmi sorğusuna verilən cavabda bildirilir. Məlumatda qeyd edilir ki, nümunələrin götürülməsinə 14 sentyabr tarixində başlanılıb və bu günədək 1795 bal nümunəsi götürülüb, onlardan 1395-nin müayinəsi aparılıb:

"395 bal nümunəsindən 25-nin keyfiyyətinin aşağı olduğu müəyyən olunub, digər 1000 nümunənin nəticələri sınaq protokolları tərtib olunandan sonra açıqlanacaq. Yarmarkada yalnız təhlükəsizlik və keyfiyyət göstəriciləri normalara uyğun olan məhsulların satışına icazə veriləcək".

Agentlikdən bildirilir ki, Bal yarmarkasında satışa çıxarılacaq bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılması prosesi davam edir.

Qax şəhəri ərəb ölkələrini heyran edən "brendi" üçün bayram düzənlədi - FOTO
 28 sentyabr - 18 oktyabr tarixlərində keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış yarmarkasında satışa çıxarılması nəzərdə tutulan bal məhsullarından nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında ekspertizaya cəlb edilir. Arıçılıq məhsulları "Aqrar Tədarük və təchizat" ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarına daxil olduqdan sonra İnstitutun əməkdaşları tərəfindən nümunələr götürülür. Götürülmüş nümunələrin üzərinə məxfiliyin qorunması məqsədilə "Aqrar Tədarük və təchizat" ASC tərəfindən təqdim olunan kodlar vurulur və hər biri İnstitutun müvafiq laboratoriyasına göndərilir. Məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri üzrə ekspertizanın nəticələrini təşkilatçılara tez bir zamanda təqdim etmək üçün laboratoriya gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.