İDMAN

Azərbaycan Tokioya dördüncü vəsiqəni qazandı

Azərbaycan gimnastı Zöhrə Ağamirova Anna Skidan (atletika, çəkicatma), Maksim Şemberev (üzgüçülük) və Marina Stadnikdən (qadın güləşi) sonra Olimpiadaya vəsiqə qazanan dördüncü idmançımızdır 
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı davam edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, yarışın 5-ci günündə fərdi çoxnövçülükdə final mərhələsi keçirilir.

B qrupunda mübarizə aparan 12 gimnast çıxışını başa vurub. Final mərhələsinə vəsiqə qazanan Azərbaycan idmançısı Zöhrə Ağamirova da bu qrupda qüvvəsini sınayıb.

Olimpiya “qaranquşumuz” bəlli oldu – İlk vəsiqə var

O, gürzlərlə hərəkətə görə 21,200, lentlə çıxışda 17,000, halqa ilə hərəkətdə 20,900 xal qazanıb. Z.Ağamirovanın topla çıxışı isə 19,525 xalla qiymətləndirilib.

Yekunda 78,725 xal toplayan idmançı B qrupunda 4-cü yeri tutub.

Beləliklə, A qrupunun 12 gimnastı mübarizəyə start vermədən Azərbaycan təmsilçisi ilk “16-lıq”da yerini təmin edib. Bu, Z.Ağamirovaya 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış etmək hüququ verib. O, “Gündoğar ölkə”də iştirak üçün lisenziya qazanan 4-cü Azərbaycan təmsilçisidir.

Qeyd edək ki, 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına bunadək üç idmançı - Anna Skidan (atletika, çəkicatma), Maksim Şemberev (üzgüçülük) və Marina Stadnik (qadın güləşi) vəsiqə qazanıb.