BAKI, 19 sentyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) "Toxumçuluğun mövcud vəziyyəti və aqrokimyəvi xidmətlərə" həsr olunmuş mətbuat konfransı keçirilib.
Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdir müavini Xaqani Məmmədov və Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin direktoru Rəşad Vahabzadə iştirak ediblər.
Xaqani Məmmədov toxumçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata keçirilir.
Cari ilin may ayından Nazirliyin müvafiq əmrinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən toxumçuluq (buğda və arpa) təsərrüfatlarında aparılan aprobasiyanın (əkinlərin xəstəliyə yoluxması, alaqlanma dərəcəsi və s.) nəticələri yekunlaşmış, müvafiq standartın tələblərinə cavab verməyən əkin sahələri çıxdaş edilib. Hazırda toxumların səpin keyfiyyəti üzrə analizlər 12 regional toxum sertifikatlaşdırma mərkəzində (RTSM- Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad) və eləcə də Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) mərkəzində həyata keçirilir. Mərkəzlər ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Fermerlər aldıqları sertifikatlı toxumun keyfiyyətinə bir daha əmin olmaq üçün qeyd olunan laboratoriyalarda yoxlatdıra bilərlər. Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir. Fermerlər sertifikatlı toxumu əldə etmək üçün AXA-nın rəsmi internet saytının (www.axa.gov.az) toxum-satış bölməsindən ətraflı məlumat əldə edə bilərlər. Bildirilib ki, yaxın zamanlarda ilk dəfə olaraq toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Burada əsas məqsəd istehsal olunmuş sertifikatlı toxumları nümayiş etdirmək, toxum istehsalçılarını istehlakçı ilə birbaşa əlaqələndirmək və toxum bazarının formalaşmasına dəstək verməkdir.
Agentliyin Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin direktoru Rəşad Vahabzadə isə bildirib ki, 11 ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş regional aqrokimya laboratoriyaları (Abşeron, Quba, Bərdə, Göygöl, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran və Sabirabad) aqrar sahənin inkişafı üçün çox böyük önəm daşımaqla, fermerlərə torpağın məhsuldarlığının, fiziki göstəricilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini göstərir. Fermerlərin əkindən öncə torpaqlarını analiz etdirib, qida maddələrinə olan tələbatının müəyyənləşdirmələri vacib şərtdir. Aparılan analizlər ödənişlidir. Analizlərin aparılması üçün ərazinin relyefi nəzərə alınmaqla 1 ha-dan 1 nümunə götürülür. Hər parametr üzrə qiymətlər mövcuddur. Tam paket analizi 65 manat təşkil edir.