BAKI, 18 sentyabr — Sputnik. Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün qadın güləşçimiz Mariya Stadnik (50 kq) final görüşünə çıxıb. İdmançımızın rəqibi rumıniyalı Emilia Alina Vuç olub. Ötən il Kaspiyskdə finalda yarım dəqiqəyə Rumıniya güləşçisinə qalib gələn Mariya Stadnik növbəti dəfə Avropa çempionu olmuşdu. Budəfəki görüş də idmançımızın mütləq qələbəsi ilə başa çatıb - 13:0. Bu qələbə ilə Stadnik 2-ci dəfə dünya çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, Mariya Stadnik təsnifat mərhələsində Miessiney Mersi Genesisi (Nigeriya) 10:0, 1/8 finalda Sima Simanı (İndoneziya) 9:2, 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, 1/2 finalda isə Yanan Sunu (Çin) 6:4 hesabı ilə üstələyib.