BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanda özünüməşğulluq proqramına bu ilin 8 ayında cəlb olunanların 2555 nəfəri həssas kateqoriyadan olan şəxslərdir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün DOST Agentliyində keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev məlumat verib. O bildirib ki, özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib.
Onun sözlərinə görə, 2019-cu ildə isə bu proqrama 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub: ”Bu ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb olunanlardan 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür. Proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir”.
A.Əliyev bildirib ki, proqram iştirakçılarının 993 nəfəri əlilliyi olan şəxslər, 304 nəfəri ünvanlı sosial yardım alan şəxslər, 712-si məcburi köçkün, 408 nəfəri gənclər, 138 nəfər şəhid ailəsi üzvüdür.