İDMAN

UEFA-dan rəsmi açıqlama - "Qarabağ" "Qalatasaray"ı qabaqladı

Hesabatda bildirilir ki, həyata keçirilən transferlərin 58 faizi məhz bu klubların payına düşür
Sputnik

BAKI, 12 sentyabr — Sputnik. Avropanın ali futbol qurumu UEFA 2018/2019-cu il mövsümü üçün növbəti hesabatını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, qurum bu haqda öz rəsmi saytında məlumat yayıb. Hesabat bu il Avrokubokların qrup mərhələsinə vəsiqə qazanan 80 klubu əhatə edir.

Hesabatda bildirilir ki, həyata keçirilən transferlərin 58 faizi məhz bu klubların payına düşür. Ötən il ilə müqayisədə bu il transferə xərclənən məbləğ 55 faiz artıb. Ən çox tələbat isə müdafiəçi və hücumçulara olub. Belə ki, bu mövqedə çıxış edən futbolçular transferin 70 faizi qədərdir. Sevindirici haldır ki, hesabatda Avropa kuboklarının qrup mərhələsində Azərbaycanı təmsil edən yeganə klubumuz "Qarabağ" da yer alıb.

Qurban Qurbanovun komandası sosial şəbəkədə ən aktiv üzvləri olan klub kimi siyahıya başçılıq edir. "Köhlən atlar"ın azarkeşləri "Ayaks", "Qalatasaray", "Srvena Zvezda" və "Olimpiakos"u qabaqlayaraq TOP-5-də ilk sıradadır.

Qeyd edək ki, "Qarabağ" bu il Azərbaycanı Avroliqada təmsil edir. Klubumuz qrupda ilk oyununu sentyabrın 19-u "Sevilya" komandasına qarşı keçirəcək.