BAKI, 11 sentyabr — Sputnik. İran Prezidenti Həsən Ruhani militarizmin Amerikanın maraqlarına uyğun olmadığını deyib. Sputnik Azərbaycan İran liderinin rəsmi saytına istinadən xəbər verir ki, Ruhani bunu Nazirlər Kabinetinin bu gün baş tutmuş iclası zamanı deyib.
Ruhaninin bu şərhi dünən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərməsi ilə üst-üstə düşüb.
"Bu gün düşmənin bizə ən yüksək dərəcədə təzyiq göstərdiyi bir vaxtda bizim yolumuz dözümlülük və müqavimətdən keçir. Amerikalılar başa düşməlidirlər ki, militaristlər və militarizm onların maraqlarına uyğun deyil. Militaristlər getməlidirlər; ABŞ "qırğı" (aqressiv – red.) siyasətindən imtina etməli olduğunu anlamalıdır", - Ruhani vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdiyini bildirib. Amerika lideri bu qərarını Boltonla arasında olan fikir ayrılığı ilə izah edib.
Tramp həmçinin Boltonu əvəz edəcək şəxsin adını gələn həftə açıqlayacağını bildirib.