İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 10 sentyabr — Sputnik. Atmosferin müxtəlif zərərli tullantılarla çirklənməsi hər il dünyada 4 milyon uşağın bronxial astmaya yoluxmasına yol açır.
Müşahidələr nəticəsində məlum olub ki, Şanxay şəhərində bronxial astmadan əziyyət çəkən uşaqların 50 faizə yaxını avtomobillərin havaya buraxdığı maddələrin təsirindən xəstələnib. Qeyd edək ki, hazırda dünyada bronxial astmadan 235 milyon nəfər əziyyət çəkir. Hər il 400 minə yaxın şəxs bu xəstəlikdən və onun fəsadlarından ölür.
Həkim terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər nəsildə astma varsa, tez yorulma, təngnəfəslik, iylərə qarşı həssaslıq müşahidə edilirsə, artıq astma barədə düşünmək olar.
"Astma xəstəliyinin müxtəlif əlamətləri var. Dəqiq diaqnoz üçün spirometriya-tənəffüs testi edilməlidir. Yəni xəstəliyin ağırlıq dərəcəsi və müalicəsi sırf bu testlə öyrənilə bilər. Əsasən gecə və səhər saatlarında kəskinləşən çoxlu miqdarda öskürək, xırıltılı tənəffüs, nəfəs darlığı və sinədə ağırlıq hissi, fiziki işlə məşğul olduqda kəskinləşən boğulma və öskürək əlamətləri, toz, heyvan tükü , siqaret dumanı, hava şəraitindəki dəyişikliklər və ya müəyyən dərmanların qıcıqlandırıcı təsirindən ortaya çıxan öskürək və boğulma astma xəstəliyinin əlamətidir" – deyə həkim qeyd edib.
M.Abbasovanın sözlərinə görə, bu xəstəlik xüsusilə siqaret tüstüsü və digər zərərli qaz və hissəciklərə bağlı olaraq əmələ gələn, ağciyərlərin mikrobla əlaqəsi olmayan xəstəliyidir.
"Uşaqlarda xışıltı və öskürək daha çox tənəffüs allergiyalarının əlamətidir. Bu xışıltılar yaşdan asılı olaraq 3 dövrə bölünür. Bu dövrlər arasında fərqi bilmək və uyğun diaqnostika uşaqların gələcəkdə ağciyərlərinin inkişafı və özlərinin normal inkişafı üçün əhəmiyyətli dərəcədə önəmlidir. Çünki əks halda, bu qalıcı fəsadlara səbəb ola bilər" - deyə həkim vurğulayıb.
Onun sözlərinə görə, bronxial astma xəstəliyi müalicə olunmadıqda həyat üçün təhlükəlidir. Xəstəliyin müalicəsi qədər onu törədən və gedişini ağırlaşdıran amilləri bilmək də önəmlidir: "Astma fərdi və ətraf mühit amillərinin təsiri nəticəsində meydana çıxır. Bu faktorlar özləri də müxtəlifdir.
Abbasova qeyd edib ki, uşaqların tənəffüs yolları daha həssas və kiçik ölçülü olduğu üçün onlarda simptomlar daha ağır müşahidə edilir.
"Uşaqlarda müəyyən əlamətlər müşahidə olunduğu təqdirdə, mütləq həkimə müraciət edin. Əks təqdirdə, bu onların ölümü ilə də nəticələnə bilər. Vaxtında edilmiş həkim müdaxiləsi övladlarınızın gələcəyini sığortalaya bilər" – deyə o, bildirib.