CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibkarlar üçün maraqlı təklif: tez böyüt, kəs, sat

Dünyada qəbul edilən normaya görə, dikliyi 30 dərəcədən çox olan ərazilərdə qırıntı aparılmır
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Azərbaycanda sənaye meşələri salınacaq. Bununla da taxta materialın meşələrdən əldə edilməsi mümkün olacaq.

Yaman da var, yanan da var: Alov təkcə meşələri məhv etmir

Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edildiyindən burada sənaye məqsədli qırıntıların aparılması qadağandır. Bu qadağa Meşə Məcəlləsində yer alıb. Qeyd edək ki, ölkə meşələrinin 85 faizi dağlıq, 15 faizi aran zonasındadır. Dağlıq ərazilərdə olan meşələrin də 70 faizini dikliyi 30 dərəcədən yuxarı olan meşələr təşkil edir.

Dünyada qəbul edilən normaya görə, dikliyi 30 dərəcədən çox olan ərazilərdə qırıntı aparılmır.

Bu səbəbdən də ölkədə sənaye meşələrinin salınmasına böyük ehtiyac var. Ölkə qanunvericiliyi sənaye meşələrinin salınmasına imkan versə də, ölkədə belə bir praktika yoxdur.

Bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi sənaye meşələrinin salınması məqsədilə sahibkarlara çağırış edib.

Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır. Bu məqsədlə tez böyüyən ağac cinslərindən istifadə olunacaq:

"Bu işdə biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bütün müraciətlərə açığıq. Öz tövsiyələrimizi verə və ağac cinslərinin seçilməsində kömək edə bilərik. Sənaye tipli meşələrdə tez böyüyən ağac tiplərindən istifadə edilir. 5-8-10 ilə böyüyən ağac cinsləri var. Onlardan meşələr salınır, müəyyən müddətdən sonra kəsilərək ağac emalında istifadə edilir".

A.Qaraşov qeyd edib ki, ETSN istehsal sahəsi deyil. Yəni nazirlik sadəcə sahibkarlara tövsiyələr verəcək, ağacların cinsinin seçilməsində yardım edəcək.

Meşələrimiz niyə yanır - Təhqiqatlara başlanılıb

Qaraşovun sözlərinə görə, tezböyüyən ağaclar dünyanın hər yerində satılır və Azərbaycana da gətirilir. Yəni sahibkarlar çox rahat şəkildə belə ağacları əldə edə bilərlər.

Qaraşov əlavə edib ki, sənaye meşələrinin yaradılması Azərbaycanda da sahibkarlar üçün maraqlı ola bilər.

Qeyd edək ki, Azərbaycana ağac və ağac məhsulları əsasən Rusiya, Ukrayna və Belarusdan gətirilir. Ölkəyə xaricdən il ərzində təxminən 1 - 1,5 milyon kubmetr ağac və ağac məhsulları idxal edilir. Şam, qara şam və küknar ağaclarından olan həmin materiallar mebel, qapı-pəncərə istehsalı, inşaat məqsədilə istifadə edilir.