SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Kipri, Yunanıstanı, Avropa İttifaqını təhdid etdi – Paylaşmağı öyrənəcəksiniz

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Aralıq dənizinin şərqində son vaxtlar baş verənlərə sərt münasibət bildirib
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. "Kim olursa-olsun, heç kimsə bizim buradakı (Aralıq dənizinin şərqində - red.) fəaliyyətimizin qarşısını ala bilməz. Paylaşmağı öyrənəcəksiniz".

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şimali Kiprə səfəri zamanı ölkəsinin Aralıq dənizinin şərqində, Kipr adası yaxınlığında karbohidrogenlərin hasilatı ilə bağlı apardığı işlər barədə danışarkən vurğulayıb.

Çavuşoğlu Türkiyənin daim Kipr türklərinin yanında olduğu və olmağa davam edəcəyini bildirib.

Azərbaycanlı gənc Türkiyədə faciəli şəkildə öldü

Aralıq dənizinin şərqində son vaxtlar baş verənlərə münasibət bildirən Çavuşoğlu qeyd edib: "Kipr Aralıq dənizinin şərqində karbohidrogen fəaliyyətlərini bu ölkəyə, Kiprin hamisi Avropa İttifaqı və Yunanıstana, beynəlxalq birliyə etdiyimiz xəbərdarlıqlara baxmayaraq davam etdirdi. Biz onlara ada ətrafında karbohidrogen ehtiyatlarında Kiprin türk xalqının da haqqının olduğunu söylədik və bu haqqı yedirtməyəcəyimizi onlara çatdırdıq".

Türk nazir qeyd edib ki, Kiprin bu xəbərdarlıqlara məhəl qoymaması üzərinə Türkiyənin "Fatih" və "Yavuz" gəmilərini göndərdiyini və hasilat fəaliyyətinə başladığını vurğulayıb: "Biz bu işin belə getməyəcəyini dəfələrlə demişdik. İndi hasilat başlayınca həyəcanlandılar. Bizim dərdimiz kiminləsə dava etmək deyil. Biz Kiprin türk xalqı və Türkiyə Cümhuriyyəti olaraq həll yolunun tərəfindəyik. Lakin yalnız siyasi bərabərliyi və eyni şəkildə Kiprin türk xalqının bütün haqlarını özündə qoruyan bir həll yolu varsa, onu dəstəkləyirik".

Qeyd edək ki, hazırda Kiprə məxsus xüsusi iqtisadi zonada Türkiyəyə məxsus iki qazma gəmisi - "Fatih" və "Yavuz" var. Yunanıstan və Kipr bunu təxribat adlandırıb. Türkiyə tərəfi hesab edir ki, regiondakı təbii sərvətlərdə haqqı var.

ABŞ yenə Türkiyəyə qarşı çıxdı – Təkbaşına olmaz

Xatırladaq ki, iyulun 15-i Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparması ilə bağlı bu ölkəyə qarşı sanksiyalar qəbul edib.

Belə ki, qərara əsasən, Avropa İttifaqı Şurası ən yüksək səviyyədə Ankara ilə dialoq aparmaqdan imtina edir və Assosiasiya Şurasının iclasını ləğv edib.

Bundan əlavə, Şura Avropa İnvestisiya Bankına Türkiyədə kredit fəaliyyətinə yenidən baxmağı və Ankaraya maliyyə yardımını azaltmağı məsləhət görüb.

Nazirlər eyni zamanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogeriniyə Türkiyəyə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin hazırlanmasını da məsləhət görüblər.

"Focus" nəşri yazır ki, Türkiyə tərəfi öz mövqeyini dəyişməsə, Avropa İttifaqı geoloji kəşfiyyat işlərində iştirak edən şirkətlərə və ayrı-ayrı şəxslərə qarşı da məhdudlaşdırıcı tədbirlər qəbul edə bilər.