CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karatenin vətənində medallar qazanmaq: oğlanların işi çətin oldu

Rafael Ağayevlə Ken Nişimuranın görüşü heç-heçə başa çatsa da, sevinən tərəf rəqib olub
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Karateçilərimiz Tokioda “Karate 1 Premyer Liqa” turnirini uğurla başa vurublar.

Sputnik Azərbaycan Azərtac-a istinadən bildirir ki, turnirin son günündə əvvəlcə Ayxan Mamayev (-84 kq) bürünc mükafat uğrunda görüşdə Qazaxıstan idmançısı İqor Çıxmaryova qalib gəlib.

Rafael Ağayev finalda - FOTO

Sonra Yaponiyada böyük populyarlığı ilə seçilən karateçimiz Rafael Ağayev (-75 kq) finalda yaponiyalı Ken Nişimura ilə qarşılaşıb. Gərgin keçən görüş heç-heçə başa çatsa da, hakimlərin qərarına əsasən, qələbə daha fəal olan yapon idmançıya verilib.

Digər finalda qadın yığmamızın lideri İrina Zaretskaya (-68 kq) fransalı Alizee Agye ilə qarşılaşıb. İ.Zaretskayanın tam üstünlüyü ilə keçən görüş onun qələbəsi ilə başa çatıb.

Sonra mükafatların təqdim olunması mərasimi təşkil edilib. Mükafatları idmançılara Yaponiyanın Təhsil, idman, mədəniyyət, elm və texnologiyalar naziri Masahiko Şibayama, Dünya Karate Federasiyasının və Milli Karate Federasiyalarının prezidentləri təqdim ediblər.

İdmançılarımızı dəstəkləmək üçün Nippon Budokan idman zalına gələn Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov milli komandanın heyəti ilə görüşərək qalibləri təbrik edib.