BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan milli yığma komandası bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Sputnik Azərbaycan xəbər verir ki, yığmamız 5-ci turda səfərdə "dumanlı albion" təmsilçisi Uelslə qarşılaşacaq. Kardiff şəhər stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qarşılaşma maltalı hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi Farrucia Kann Trustin olacaq. Bu qarşılaşmaya qədər yığmamız qrup çərçivəsində keçirdiyi hər üç görüşü məğlubiyyətlə başa vurub. Rəqib qapılarına 3 qol vurmağı bacaran yığmamız öz qapısında 10 top görüb.
Qeyd edək ki, Nikola Yurçeviçin komandası 3 gün sonra doğma meydanında Xorvatiya yığmasını qəbul edəcək.
Xatırladaq ki, yığma komandamız Uelslə indiyə kimi 6 dəfə qarşılaşıb. Bir oyun bərabərə qalan millimiz digər qarşılaşmalarda meydanı məğlub tərk edib. Uelsin qapısına cəmi bir top vura bilən komandamız öz qapısından 11 dəfə top çıxarmalı olub.