İDMAN

Məşhur futbolçunun oğlu futbol oynayarkən vəfat etdi

Baş vermiş hadisə ilə bağlı Kafunun vaxtilə oynadığı "San-Paulu" və "Palmeyras" klubları başsağlığı veriblər
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Braziliyanın canlı əfsanəsi, veteran futbolçu Kafuya ağır itki üz verib. Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir ki, onun oğlu 30 yaşında vəfat edib.

Danilo Felisiano de Moraes dostları ilə futbol oynadığı zaman qəfildən ürəyində ciddi problem yaranıb. Onu dərhal San-Paulu şəhərindəki Albert Eynşteyn adına xəstəxanaya aparıblar. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Xəbər Kafunun keçmiş həmkarı Paulo Serxio tərəfindən təsdiqlənib. Danilo veteran futbolçunun böyük övladı olub. Baş vermiş hadisə ilə bağlı Kafunun vaxtilə oynadığı "San-Paulu" və "Palmeyras" klubları başsağlığı veriblər.

Qeyd edək ki, Kafu karyerası boyunca Braziliya yığmasının heyətində 142 oyun keçirib. O, həmçinin millinin heyətində 1994 və 2002-ci illərdə dünya çempionu titulunu qazanıb. Kafu eyni zamanda iki dəfə "Copa America"nın sahibi olub.