İQTİSADİYYAT

Pul çox olanda da pisdir, az olanda da - Ən yaxşısı görünməməsidir

Ekspert: "Artan pul kütləsinin daxilində qeyri-nağd pul vəsaitlərinin xüsusi çəkisi daha üstün olmalıdır və təəssüf ki, hələlik buna nail olmamışıq"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Avqust ayında Azərbaycanda pul bazası 10 milyard 157.6 milyon manat olub. Sputnik Azərbaycan Mərkəzi Banka istinadla xəbər verir ki, iyul ayının sonu ilə müqayisədə avqustda pul bazası 416,7 milyon manat azalıb. Ümumilikdə isə son 8 ayda pul bazası 611,9 milyon manat artıb.

Əhalinin 126 milyon manat borcu silindi - Azərbaycanda

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov son 8 ayda pul bazasının artımı ilə bağlı Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda pul kütləsi kritik dərəcədə azdır: "Dinamik inkişaf edən milli iqtisadiyyatlarla müqayisədə Azərbaycan iqtisadiyyatında pul kütləsi az olub. Pul kütləsinin də böyük hissəsi məhz nağd pul bazasına aiddir. Bu, iqtisadi inkişafa mane olur, çünki milli iqtisadiyyatın dayanıqlı inkişafı üçün daim investisiya, daim pul kütləsi olmalıdır. Amma burada bir məqam ondan ibarətdir ki, artıq qeyri-nağd pul kütləsi var. Amma biz hələ də qeyri-nağd hesablaşmaların daha yüksək xüsusi çəkiyə malik olmasına nail ola bilmirik. Qeyri-nağd pul kütləsi çox olanda iqtisadi proseslərin şəffaflığına, dinamizminə müsbət təsir göstərir".

O, bildirib ki, son aylarda pul bazasının artması müəyyən iqtisadi canlanma, sosial paket ilə izah oluna bilər: "Bu artımın bir tərəfdən məhz nağd pula aid olması mənfi məqamdır. Çünki qeyri-nağd pul kütləsinin artması daha məqsədəuyğun olardı. Amma bütövlükdə pul bazasının artımının müsbət tərəfləri ondan ibarətdir ki, bu, alıcılıq qabiliyyətinin artmasına və iqtisadi proseslərin stimullaşdırılmasına xidmət edir. Ona görə də burada əsas məsələ pul kütləsinin artımına nail olmaqdır. Artan pul kütləsinin daxilində də qeyri-nağd pul vəsaitlərinin xüsusi çəkisi daha üstün olmalıdır və təəssüf ki, hələlik buna nail olmamışıq".

"Amma inanıram ki, Mərkəzi Bank pul-kredit siyasətini yumşaldaraq investisiyaların artımına nail olacaq. Çünki bu ilin dinamikasında investisiyaların azaldığını görürük və bu, qəti şəkildə yolverilməzdir, investisiyalar artmalıdır. İnvestisiyaların artımı üçün də pul kütləsi artmalıdır" – deyə o, qeyd edib.

Mərkəzi Bank 10 manatlıq əsginasla bağlı açıqlama verdi

Professor bildirib ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları daxildir: "İqtisadiyyatın inkişafına əsasən nağd olmayan vəsaitlər xidmət etməlidir. Bu isə təxminən 4-5 milyard manatdır. Pul kütləsinin üçdə ikisi məhz nağd puldur. Amma ümumilikdə nağd və qeyri-nağd vəsaitlər (təxminən 15 milyard manat) çox azdır. Bizim ÜDM 80 milyard manatdırsa, pul kütləsi isə 15 milyard manatdırsa, bu, ÜDM-in 20 faizi də etmir. Amma aparıcı iqtisadiyyatlarda bu göstərici ən azı 70-80 faiz olmalıdır".

"Bu sistemli məsələdir və pul bazasının azalması düzgün deyil. Pul bazası azalanda Azərbaycanda bütün pul kütləsi azalır və bu da problemdir. Pul kütləsini artırmadan investisiyaları necə artıracağıq? İnvestisiya olmayan yerdə iqtisadi inkişaf necə ola bilər? Burada koordinasiya olmalıdır. İnvestisiyaların artımına da bilavasitə bank sektoru cavabdeh olmalıdır. Bank sektoru bunun üçün kreditləri artırmalıdır. Çünki investisiyanın artımı kreditlə bağlıdır. Kredit artmırsa, investisiya da artmır" – deyə ekspert əlavə edib.