BAKI, 4 sentyabr — Sputnik. İsrailin "ImageSat International" peyk kəşfiyyat şirkəti Türkiyənin bu yaxınlarda Rusiyadan aldığı "S-400" zenit-raket kompleksinin peyk şəkillərini çəkərək "Twitter" sosial şəbəkəsində yerləşdirib.
Sputnik xəbər verir ki, şirkət "S-400" kompleksinin əməliyyat rejimində olduğunu və Ankarada yerləşdirildiyini iddia edib.
Şirkət özünün "Twitter" səhifəsində yerləşdirdiyi peyk şəkillərində "S-400" komponentlərinin və radarlarının təsvir olunduğunu bildirib. Lakin "ImageSat International" bu kompleksin işəsalma qurğularında raketlərin olmadığını iddia edir.
Xatırladaq ki, bu ilin iyulunda kompleksin birinci partiyasının tədarükü başa çatıb. Şirkətdə hesab edirlər ki, "S-400" sisteminin çatışmayan komponentləri ikinci partiyanın tədarükü zamanı çatdırılacaq.
Şirkətin məlumatına görə, "S-400" komplekslərinin hazırkı yeri sınaq olaraq seçilib və sonradan dəyişilə bilər.
"Lakin biz bu sistemlərin hazırkı yerinin də daimi olacağını istisna etmirik" – şirkətdən bildiriblər.
Qeyd edək ki, bir müddət öncə "S-400" komplekslərinin tədarükünün ikinci hissəsi başlayıb.
Rusiya və Türkiyə arasında "S-400" sistemlərinin tədarükünə dair saziş 2017-ci ildə imzalanıb. Rusiya bu sistemlərin dörd divizionunu Türkiyəyə göndərəcək.
Komplekslərə dair saziş Türkiyə və ABŞ arasında qalmaqala səbəb olub. Belə ki, Vaşinqton Ankaradan Rusiya istehsalı olan "S-400" komplekslərinin əvəzinə "Patriot" sistemlərini almağı tələb edib, əks halda isə Türkiyəni "F-35" layihəsindən çıxaracağı ilə hədələyib.
Xatırladaq ki, iyulun 17-də rəsmi Vaşinqton "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması ilə əlaqədar olaraq Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən sözügedən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.