CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Terrorizm, separatizm, radikalizm - hamısı cinayətlərdir və onlar qurbanlar axtarır

Mehriban Zeynalova: Sosial cəhətdən müdafiə olunmayan qadın ilk fürsətdə ona kömək təklif edən, iş tapmaq, pul verməklə şirnikləndirən radikal dini təşkilatlara qoşulacaq.
Sputnik

BAKI, 3 sentyabr - Sputnik. “Terrorizm, separatizm, radikalizm hamısı cinayətlərdir və cinayət də qurbanlar axtarır. Kimlərsə qazanc əldə edir, kimlərsə qurbana çevrilir, kimlərsə iddiasını ortaya qoyur”.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hesab edir ki,  Azərbaycanda milli təhlükəsizlik sahəsində kifayət qədər peşəkar adamlar işləyir. Onların radikal dini cərəyanlara cəlbetmə ilə bağlı müşahidələr aparması, məlumat toplaması və tədbir görməsi o qədər də çətin deyil.

“Cəlbetmə prosesi latent prosesdir. Burada ən həssas qrup olan qadınların məsələsi bizi narahat edir. Radikal dini cərəyanlara qoşulmadan danışılanda hamı bunu qızların təhsildən yayınması, öz cahilliyi ucbatından fundamentalizmə yuvarlanması ilə əlaqələndirir. Bu halı mən də qəbul edirəm. Amma burada qadınların yetərincə sosial cəhətdən müdafiə olunmamasından da danışmaq lazımdır. Məsələyə bu tərəfdən də baxmaq lazımdır. Sosial cəhətdən müdafiə olunmayan qadın ilk fürsətdə ona kömək təklif edən, iş tapmaq, pul verməklə şirnikləndirən radikal dini təşkilatlara qoşulacaq” – deyə Zeynalova bildirib.

O, qadınların, uşaqların sosial müdafiəsinin gücləndirilməsi məsələsinin Milli Məclisin müzakirəsinə çıxarılmasını, ictimai görüşlərin keçirilməsini və bu məsələlərin qanunvericilikdə əksini tapmasını təklif edib.

"Dini radikalizm və xurafat arasında ciddi fərq yoxdur"

“Əlilliyi olan şəxslərin sosial müdafiəsi məsələsi qanunlarda kifayət qədər əksini tapıb. Amma qadınlara gəlincə, bu məsələyə kifayət qədər diqqət yetirilmir. Boşanmış qadınlar var, çətin vəziyyətdə, əmlak hüququndan məhrum olanlar var, uşaqlarla çıxılmaz vəziyyətdə qalanlar var. Belə həssas qrupların radikal dini cərəyanların, terrorçu və separatçı təşkilatların təsiri altına düşməməsi üçün ilk növbədə qadınların sosial siyasət məsələsi gücləndirilməlidir. Biz də bunu aktuallaşdırmalıyıq. Qanun qəbul olunmayana qədər, biz bu məsələləri daim gündəmdə saxlamalı, onların qəbuluna nail olmalıyıq”  - deyən Zeynalova qadınların radikal dini şəbəkələrə alət olmasının qarşısını almağın yeganə yolunu onun sosial müdafiəsinin gücləndirilməsində görür.   

Teoloq Hacı Adil Hüseynoğlu isə hesab edir ki, insanları qeyri-ənənəvi dinlərin təsirindən uzaq tutmağın yeganə yolu, onlara həqiqi dini dünyagörüşünü təlqin etməkdir.

“Dində terrorizm yoxdur, separatizm yoxdur, heç bir məcburiyyət yoxdur. Dinin adını zorakılığa qoşmaq, terrorçu təşkilatlara qoşmaq yanlışdır. Bu gün bir terrorçu, bir cinayətkar din adından istifadə edə bilər. Amma bunu dinə bağlamaq yanlışdır. Din insanın kamalına, inkişafına, yüksəlişinə xidmət edən bir dünyagörüşüdür” – deyən teoloq hesab edir ki, qadınları qorumağın ən yaxşı yolu onları maarifləndirmək, onlara təhsil vermək, peşə öyrətməkdir. Halal yolla öz çörəyini qazanmağa qadir olan qadın maddi ehtiyaclarını ödəmək üçün gedib radikal cərəyanlara qoşulmayacaq.   

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva qadınların radikal cərəyanlara qoşulmasında mümkün alətlərdən biri kimi sosial medianı qeyd edib.

“Təbliğatın müxtəlif növləri var. Bu gün sosial şəbəkələr, məscidlər, dini bayramlar, matəm mərasimləri və s. hamısı təbliğatın aparılmasında istifadə edilən yerlərdir. Əlbəttə, radikal cərəyanların cəmiyyətə hopmasında qadının rolu danılmazdır. Çünki bu cərəyanlar qadınların vasitəsilə onun ailəsinə nüfuz edə bilirlər. Bu isə çox təhlükəli metoddur. Odur ki, qadınları mümkün olan bütün imkanlardan istifadə edərək dini cərəyanlardan uzaq tutmağın yollarını mənimsəməliyik” – deyə Hacıyeva əlavə edib. Onun fikrincə, radikal dini cərəyanların ölkənin alt yapısını sarsıtmağa qadir olan alətlər olduğunu gözardı etmək olmaz. Bunun üçün cəmiyyətdə ciddi müzakirələr getməli, insanlar maarifləndirilməlidir.

P.S: Bu yazı "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində yazılıb.