CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meşələrimiz niyə yanır - Təhqiqatlara başlanılıb

A.Qaraşov bildirib ki, hər yanğından sonra həm Fövqəladə Hallar Nazirliyinin, həm də digər aidiyyatı qurumların müvafiq orqanları tərəfindən təhqiqat aparılır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Son günlər Azərbaycanda meşə yanğınları tüğyan edir. Şəmkirdə, Şabranda, Lerikdə, Bərdədə, Oğuzda, Yardımlıda baş verən meşə yanğınları cəmiyyəti narahat edən amillərdən birinə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov yanğınların baş vermə səbəbini açıqlayıb. A.Qaraşov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meşə yanğınlarının baş verməsinin əsas səbəbi insanların taxıl, biçənək sahələrini biçindən sonra yandırması, meşə sahələrinə gedəndə odla ehtiyatsız davranmasıdır: 

Oğuzda baş verən meşə yanğını tam söndürülüb
"Adi bir siqaret kötüyündən baş verən yanğın bir dəqiqədə 100 metri əhatə edir. Çünki hər yerdə ot örtüyü qupqurudur. İnsanlar bu baxımdan təbiətə münasibətlərini dəyişməli, təbiətdə olarkən odla ehtiyatlı olmalıdırlar. Nəzərə almaq lazımdır ki, avqust ayında bölgələrdə 45 dərəcə isti olur. Belə istidə həm kol-kos, həm də ot sahələri tamamilə quru olur. Bu cür quru, tez alışan sahəyə atılan adi bir siqaret kötüyü, yaxud belə ərazidə ocaq qalanması böyük yanğın hadisələrinə səbəb ola bilir. Hər bir vətəndaşın bu kimi halları yaradan səbəblərə baxışı, laqeyd münasibəti dəyişməlidir. Biz bütün kəndli-fermer təsərrüfatlarının yanında nəzarətçi qoya bilmərik. Vətəndaş özü bilməlidir ki, bunu etmək olmaz. Bu, başqasının təsərrüfat sahəsinə ziyan vura, meşənin, hətta kəndin də yanmasına səbəb ola bilər. Quru ota od vuranda yanaraq meşə sahəsinə keçir".

A.Qaraşov bildirib ki, hər yanğından sonra həm Fövqəladə Hallar Nazirliyinin, həm də digər aidiyyatı qurumların müvafiq orqanları tərəfindən təhqiqat aparılır: "Bir çox yanğınların baş vermə səbəbi ehtiyatsızlıq törədən şəxslərdir. Çalışılır ki, onlar tapılsın, ictimai qınağa məruz qalsın, insanlar, vətəndaşlar bilsin ki, yanğınların səbəbkarları kimlərdir. Eyni zamanda hüquqi məsuliyyətə cəlb olunsunlar. Çünki bu yanğınlar nəticəsində dövlətə külli miqdarda ziyan dəyir, həm təbii sərvətlər məhv olur. Eyni zamanda, dövlət qurumları kifayət qədər vəsait xərcləyir, insanlar həyatlarını riskə atırlar. Bu baxımdan bu təhqiqatların sonunda səbəbkarın aşkarlanmasında ən maraqlı tərəfik. Son günlər baş verən yanğınlarla əlaqədar bir neçə şübhəli şəxs müəyyən olunub, onlarla bağlı sənədlər artıq toplanılıb və hüquq-mühafizə orqanlarına göndərilib. Hazırda araşdırmalar həm Ekologiya və Təbii Sərvətlər, həm Fövqəladə Hallar nazirlikləri, həm də polis tərəfindən davam etdirilir. Bu cür halların qarşısının alınması, meşə sahələrinə nəzarət etmək üçün Zaqatala, Oğuz, Qəbələ, Qax və Şəki rayonlarında 5 müşahidə kamerası quraşdırılıb. İlin sonuna kimi daha 9 yerdə müşahidə kameraları quraşdırılacaq".