BAKI, 1 sentyabr — Sputnik. Bu gündən Azərbaycanda Məhərrəmlik ayı başlayır.
Qafqaz Müsəlmanları İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək.
Qeyd edək ki, Qafqaz Müsəlmanlari İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Məhərrəm ayı ilə bağlı fətva verib. Fətvada deyilir ki, tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır:
Qeyd olunur ki, təziyə mərasimlərində şəhidlərimizi yad etmək, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur: "Dindarlarımız müsəlman tarixində kədərli, lakin şərəf və qürur nümunəsi kimi yer alan Kərbəla faciəsinin, eləcə də İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsini ənənəvi olaraq bu gün də davam etdirirlər.
Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri AŞURAməscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar.
Fətvada deyilir ki, QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb: "Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə (ə) xatir şəfa bəxş edəcəkdir, inşallah!
Bu gün vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu böyük nemətə görə Allah-Təalaya şükürlər edir, din xadimlərimizi və dindarlarımızı respublikadakı mövcud sabitliyin qorunmasına, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar isə hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar.
QMİ, məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarına İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi tövsiyə edir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevə Allah-Təaladan rəhmət diləyir, dövlətimizin siyasi-iqtisadi və mənəvi inkişafı üçün misilsiz səylər göstərən, tolerantlığın və multikultural dəyərlərin təminatçısı və himayədarı olan, dünya miqyasında İslam həmrəyliyi ideyalarını müdafiə edən dövlət başçımız İlham Əliyev cənablarının fədakar fəaliyyətinə Uca Allahdan inayət arzulayır, xalqımızın əmin-amanlığı və rifahı üçün dualar edir. Allah köməyimiz olsun!"