Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 31 avqust — Sputnik. Paytaxtda 5000 ağacın quruduğu təsdiqlənib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.
O, bildirib ki, paytaxt ərazində olan ağacların 85 faizi qoca ağaclardır. O.Məmmədovun sözlərinə görə, onların çoxu qovaq ağacları olduğundan, qocalıb qurumaya meyllidir. Şöbə rəisi küçə və prospektlərdə qurumuş ağacların kəsilməsinə başlanıldığını söyləyib. Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində Bakının 12 rayonu ərazisində 1000 dən çox ağac kəsilib: "12 rayon üzrə tam qurumuş ağacların sayı 5 mindir. Həmin ağaclar mərhələli şəkildə kəsilir".
O.Məmmədov onu da qeyd edib ki, qurumuş ağacların kəsilməsi müvafiq komissiyanın rəyindən sonra mümkün olur. Birlik səlahiyyətlisi deyir ki, kəsilmiş ağacın yerində mövsümdə yeni ağaclar əkilir.