Fyodor kosmosdan yazır: "Elə də rahat yer deyil"

"On-on beş dəfə yandırıb-söndürdüm. Nəhayət, qoşuldu və nəsə dedi"
Sputnik

BAKI, 31 avqust — Sputnik. Rus kosmonavt Aleksey Ovçinin insanabənzər Fyodor (FEDOR — Final Experimental Demonstration Object Research, indiki adı Skybot F-850) robotunu birinci dəfədən işə sala bilməyib.

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə kosmonavt Twitter hesabında yazıb. Uçuşları İdarəetmə Mərkəzinin mütəxəssisləri Fyodorun akkumulyator batareyalarını dəyişməyi təklif ediblər. Kosmonavt isə batareyaları dəyişmədən robotu işə sala bilib: "Onu qoşdum. On-on beş dəfə yandırıb-söndürdüm. Nəhayət, qoşuldu və nəsə dedi". 

Sonra isə Fyodor özünün Twitter hesabından macəralarını anladıb:

"Kosmonavtlarla məşqlərə başladım. Təqlid rejimində stansiyanın xarici göyərtəsində kabellərin təmirini imitasiya edərək elektrik birləşdiricilərini uğurla yığdım. İndi isə Aleksey Nikolayeviçlə (Ovçininlə) səmimi söhbət edirik".

​Bundan əvvəl isə Fyodor Beynəlxalq Kosmik Stansiyadakı (BKS) şəraitdən gileylənib. Plana uyğun olaraq onu stansiyanın Rusiya seqmentinin "Poisk" 2 saylı kiçik tədqiqat moduluna (KTM2) yerləşdiriblər. "Nəzərə alsaq ki, avqustun 24-də birləşmə zamanı məhz KTM2-nin cihazları sıradan çıxmışdı, bu elə də rahat yer deyil", - robot yazıb. Fyodor həmçinin ümid etdiyini bildirib ki, modulun təmirini məhz ona həvalə edəcəklər.

​Avqustun 24-də səhər çağı Fyodorun göyərtəsində olduğu "Soyuz MS-14" gəmisi BKS-ə birləşə bilməmişdi. "Roskosmos"dan bunu KTM2-dəki "Kurs" qarşılıqlı ölçü sisteminin siqnal gücləndiricisinin sıradan çıxması ilə əlaqələndirmişdilər. Kosmik gəmi ikinci cəhddə, avqustun 27-si səhər BKS-ə birləşə bilib.