SƏHİYYƏ

Ümumdünya Səhiyyə Təşkilatı qızılca ilə bağlı xəbərdarlıq etdi

Ötən ay ölkə üzrə qızılcaya iki yoluxma faktı aşkarlanıb
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı düynada qızılca xəstəliyi ilə bağlı xəbərdarlıq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, xəstəlik əsasən Avropada, Avstriya, Belçika və İsveçrədə qeydə alınıb. Bundan başqa, Ukrayna, Rusiya, Qazaxıstan, Albaniya, Çexiya, Yunanıstan, Türkiyə və digər dövlətlərdə daha çox yayılıb.

ABŞ-da qızılca geniş vüsət alıb, yoluxanlar əsasən yəhudilərdir

Ümumilikdə 6 ay ərzində 100 mindən çox qızılca xəstəsi aşkar olunub. Oksford Universitetinin pediatrı Andrey Pollard qızılca xəstəliyilə bağlı bildirib ki, bu virus artıq təhlükə vəziyyətindədir.

Nəzərə alsaq ki, Azərbaycanla qonşu ölkələrdə də bu virus yayılıb, ölkəmiz üçün təhlükə mövcuddur.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xəstəlik ölkəmizdə təhlükəli həddə deyil. Onun sözlərinə görə, ötən ilin dekabr ayından bu günədək qızılcaya 280 yoluxma faktı aşkar edilib. A. Əliyeva bildirib ki, ötən ay ölkə üzrə qızılcaya iki yoluxma faktı aşkarlanıb. Avqust ayında isə ümumiyyətlə qızılcaya yoluxma faktı təsdiq olunmayıb. A. Əliyevanın sözlərinə görə, Azərbaycanda qızılcaya qarşı mübarizə tədbirləri, peyvəndləmə işləri səylə davam etdirilir. Direktor müavini qeyd edib ki, Azərbaycanda qızılca və məxmərəyə qarşı qızılca-parotit-məxmərək (QPM) əleyhinə vaksinlə peyvənd həyata keçirildiyi üçün belə alovlanma baş vermir.