FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Alov, çəkic, zindan və közərmiş dəmirin yaratdığı "musiqi" - FOTO

Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Bu sənət sanki bir musiqidir. Alov, çəkic, zindan və közərmiş dəmirdən çıxan səslər dəmirçinin müşayiətiylə ritmlərə çevrilir və bu mənzərəni seyr edərkən musiqi duyumu olmayan insanların dəmirçiliklə məşğul ola bilməməsi qənaətinə gəlinir. 

Tovuz rayon Çeşməli kənd sakini Sərxan Mirzəyev 100 illərdir babalarından gələn bu ritmlərin sədası altında gözlərini açıb, böyüyüb və əli çəkic tutandan dəmirçilik etməyə başlayıb. Əsrlərlə yaşı olan zindanı müqəddəs sayan sənətkar elə and içəndə də “Davud peyğəmbərdən qalan zindan haqqı” deyərək and içib. Böyük bir bölgənin dəmirçilik tələbatını ödəyən sənətkar Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə həmsöhbət olub. Bu işin çətinliklərini sözlə ifadə etməkdən daha çox, onu canlı olaraq göstərməyə üstünlük verib. O, bu sənətin, azalsa da, heç vaxt yox olmayacağını söyləyir:

“Dəmirçilik sənəti, azalsa da, itən deyil. Neçə ki, insan var, canlı yaşayır, cəmiyyət mövcuddur, bu sənət də yaşayacaq. Biz də babalarımızdan gələn bu sənəti övladlarımıza ötürməyi özümüzə mənəvi borc bilirik”.

 47 yaşlı dəmirçi yaşadığı ucqar dağ kəndində bir vaxtlar 10-dan artıq dəmirçi emalatxanasının olduğunu, indi onlardan yalnız ikisinin fəaliyyət göstərdiyini bildirir.

Misgər emalatxanasında bir gün
 O, ən çox at nalları hazırladığını söyləyir: “Tovuzdan tutmuş Gədəbəyədək hər yerdən gəlib sifariş verirlər. Əsasən toxa, bel, dəhrə, kotan, qənd qayçısı, vedrə üçün müraciət edirlər. Gündəlik işimiz isə at nalı hazırlamaqdır”.

 Nal düzəltməkdən başqa, onun vurulması işini də görən sənətkar bütün çətinliklərinə baxmayaraq dəmirçiliklə ailə dolandırmağın mümkün olduğunu deyir. O qiymətlər haqda da danışır.

 "Çörəkpulu çıxara bilirik. Bir ata 4 nal, 24 kora hazırlayıb vuranda 12 manat alırıq. Xammalı isə dəmir qəbulu məntəqələrindən seçib götürürük", - usta deyir.

 Sərxan Mirzəyevin fikrincə, dəmirçi sənətinə yiyələnmək üçün insanda ilk növbədə maraq, dözüm və sağlamlıq olmalıdır.

1 / 12
Tovuz rayon Çeşməli kənd sakini Sərxan Mirzəyev
2 / 12
Sərxan Mirzəyevin emalatxanası
3 / 12
Sərxan Mirzəyev əli çəkic tutandan dəmirçilik etməyə başlayıb
4 / 12
47 yaşlı dəmirçi yaşadığı ucqar dağ kəndində iki dəmirçi emalatxanasının fəaliyyət göstərdiyini bildirir
5 / 12
Sərxan Mirzəyev çörəkpulu çıxara bildiyini söyləyir
6 / 12
Sərxan Mirzəyev ən çox at nalları hazırladığını söyləyir
7 / 12
Sərxan Mirzəyev nal düzəltməkdən başqa, onun vurulması işini də görür
8 / 12
Sərxan Mirzəyevin emalatxanası
9 / 12
Sərxan Mirzəyevin istifadə etdiyi alətlər
10 / 12
Sənətkar bütün çətinliklərinə baxmayaraq dəmirçiliklə ailə dolandırmağın mümkün olduğunu deyir
11 / 12
Bir ata 4 nal, 24 kora hazırlayıb vuranda 12 manat alırıq
12 / 12
Sərxan Mirzəyevin fikrincə, dəmirçi sənətinə yiyələnmək üçün insanda ilk növbədə maraq, dözüm və sağlamlıq olmalıdır