CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlilliyi olan şəxslərə müjdə

Reabilitasiya alt sisteminin yaradılması reabilitasiya müəssisələrində qəbulu və növbəni asanlaşdırmağa yönəlib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Reabilitasiya" altsistemi yaradılması əlillərə bir sıra imkanlar yaradacaq.

Deməyə utandığımız "məsələ" - yaxşılıq etdiklərimizin hisslərilə necə oynadıq

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova məlumat verib. 

O bildirib ki, artıq əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu elektron formada aparılacaq. Onun sözlərinə görə, məqsəd süni maneələrin aradan qaldırılmasıdır: "Reabilitasiya altsisteminin yaradılması reabilitasiya müəssisələrində qəbulu və növbəni asanlaşdırmağa yönəlib. Bu sistemin köməkliyi ilə əlilliyi olan şəxslərin göndərişləri elektron formada həyata keçiriləcək. Proses tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçiriləcək".

G. Əzizovanın sözlərinə görə, artıq tibbi sosial ekspert komissiyasına müraciət edən əlilliyi olan şəxslər hansı reabilitasiya mərkəzində ən qısa vaxtda növbəyə yazılmaq mümkündürsə, onu öyrənə biləcəklər:

"Eyni zamanda əlilliyi olan şəxslərin əlillik səbəbi olan proseslərə əks olan prosedurlar da bu altsistemdə öz əksini tapacaq. Bu altsistemdə reabilitasiya müəssisəsində hansı prosedurlara cəlb olunacaqlarsa, göstəriləcək. Yeni altsistemlə əlilliyi olan şəxslərə daha şəffaf və operativ xidmət göstərmək nəzərdə tutulur".

G. Əzizova qeyd edib ki, əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə göndərilməsi növbəlilik əsasında həyata keçirilir. Həmçinin reabilitasiya altsistemi vasitəsilə tibbi-sosial ekspert komissiyaları da əlilliyi olan şəxslərlə bağlı məlumatları onlayn formada əldə edəcək.