Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 30 avqust — Sputnik. Nazirlər Kabineti "Azərbaycan adından və ya Azərbaycan Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması"nın və "Azərbaycan adından və ya Azərbaycan Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması"nın təsdiq edilməsi barədə" qərar verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanlarına və dövlətə məxsus müəssisələrə tapşırılıb ki, Azərbaycan adından və ya hökumət adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin icrasına dair illik dövr üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda təsdiq olunmuş formaya uyğun olaraq, müvafiq hesabat dövründən sonrakı 10 gün müddətində İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, əvvəllər də belə bir hesabatlılıq var idi və indi bunun daha ciddi şəkildə aparılması nəzərdə tutulur:
"Texniki yardım və ya qrant almaq o demək deyil ki, heç bir hesabat vermədən onu xərcləyə bilərsən. İstər beynəlxalq qurumlar qarşısında, istər dövlətin əlaqədar qurumları tərəfindən hesabatlılıq verilməlidir. Əvvəllər buna o qədər də ciddi əhəmiyyət verilmirdi. İndi buna ciddi əhəmiyyət verilməsi gözlənilir. Bu, doğru addımdır, çünki hesabatlılıq olmalıdır".
O bildirib ki, əslində qurumlar beynəlxalq təşkilatlardan, beynəlxalq fondlardan kifayət qədər böyük həcmdə texniki yardım alıblar: "Qurumlar müxtəlif layihələrə görə indiyədək təxminən 2 milyard dollara yaxın texniki yardım alıb. İpək Yoluna texniki dəstək, idarəetmənin təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi və s. yüzlərlə layihələr olub. Amma bu layihələrin hesabatlılığı həmişə arxa planda idi. İndi bununla bağlı bir irəliləyiş əldə olunacaq, çünki texniki yardım və ya qrantın hesabatlılığı daha ciddi şəkildə aparılmalıdır ki, nəticə olsun. Çox zaman ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir və nəticəsiz qalırdı".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında Nazirlər Kabinetinin qərarını müsbət qiymətləndirib: "Qərar daha tez qəbul olunmalı idi, çünki burada söhbət kifayət qədər iri maliyyə vəsaitlərindən gedir. Dövlət qurumları bu vəsaitləri istifadə edərkən son nəticədə Nazirlər Kabinetinə hesabat verməlidir. İqtisadi bloka aid olan qurumların konkret olaraq fəaliyyətinin tənzimlənməsi və idarəedilməsi baxımından Nazirlər Kabinetinin fəaliyyəti əhəmiyyətli dərəcədə gücləndirilməlidir".
O bildirib ki, burada hesabatlılıq olmalıdır və Nazirlər Kabineti bu istiqamətdə öz tənzimləyici funksiyasını həyata keçirməlidir: "Çünki hər bir dövlət qurumunun öz korporativ maraqları da var, qanunvericiliyə görə cavabdeh olan istiqamətləri də var. Ona görə də hesabatın Nazirlər Kabinetinə verilməsi zəruri və lazımlı addımlara aiddir. Dövlət qurumlarında ümumiyyətlə hesabatlılığın olmaması ciddi fəsadlara səbəb olur. Burada aidiyyəti üzrə qurum məhz Nazirlər Kabinetidir".
Qeyd edək ki, qərara görə, mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr Azərbaycan adından və ya hökumət adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda təsdiq olunmuş formaya uyğun olaraq layihə bitdikdən sonra 20 gün müddətində İqtisadiyyat Nazirliyinə göndərməli və sonrakı 30 gün müddətində İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Nazirlər Kabinetinə təqdim etməlidirlər.
İqtisadiyyat Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən təsdiq olunmuş formaya uyğun olaraq təqdim edilmiş məlumatları ümumiləşdirib, illik hesabat şəklində kağız və elektron daşıyıcılarda (həmçinin, ümumiləşdirilmiş məlumatları slaydlarda olmaqla təqdimat formatında) müvafiq hesabat dövründən sonra 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.