Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 28 avqust — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-a verilən məlumata əsasən, Astara RPŞ əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Muradov külli miqdarda narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.
Astara şəhəri H.Aslanov küçəsində saxlanılan N.Muradovun əlindəki sellofan torbadan 6 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. Saxlanılan Nurəddin Muradov narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Səyavuş adlı şəxsdən əldə etdiyini bildirib.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.