Ərdoğan və Putinin görüşü: Birgə təyyarə istehsalı, kosmos və Suriya

Sputnik

BAKI, 27 avqust – Sputnik. Rusiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, Putin və Ərdoğan arasındakı görüş Moskva vilayətinin Jukovski aerodromunda keçirilən Beynəlxalq Aviasiya və Kosmik Salon "MAKS 2019" çərçivəsində keçirilib.

Putin Ərdoğana "F-35"lərin alternativini göstərdi

Görüşün protokol hissəsində çıxış edən Vladimir Putin türkiyəli həmkarı ilə iki ölkə arasındakı münasibətləri, iqtisadi əlaqələri və regional mövzuları müzakirə etdiklərini söyləyib.

Ərdoğan isə çıxışında onu Rusiyada keçirilən “MAKS-2019”a dəvət etdiyinə görə V. Putinə təşəkkürünü bildirib: "Bu tədbirdə Rusiyanın hərbi, mülki təyyarələri, helikopterləri ilə tanış olmaqdan çox məmnunam. Rusiyanın kosmosla bağlı fəaliyyəti çox maraqlı idi".

Rusiya və Türkiyə prezidentləri Su-35 və Su-57 qırıcı təyyarələri ilə bağlı müzakirə aparıblar. Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib ki, Su-35 və Su-57 qırıcı təyyarələri barədə müzakirə aparıblar: "Təkcə almağı yox, həm də birlikdə istehsal etməyi müzakirə etdik".

Tərəflər görüş zamanı Suriyanın İdlib bölgəsində vəziyyəti də müzakirə ediblər. Vladimir Putin Türkiyənin Suriya qaçqınlarından böyük əziyyət çəkdiyini söyləyib: "Türkiyədə 3 milyondan çox suriyalı var. Biz Türkiyənin narahatlığını, cənub sərhədlərinin təhlükəsizliyi barədə narahatlığını başa düşürük. Bu barədə müzakirələr apardıq".

Putin deyib ki, Suriyada, Türkiyənin cənub sərhədlərində təhlükəsizlik zonasının yaradılması Suriyanın ərazi bütövlüyü üçün də yaxşı şərait yaradacaq.

Ərdoğan da Rusiya Prezidenti ilə Suriyanın İdlib əyalətindəki məsələyə toxunduqlarını söyləyib: "Ötən ilin  sentyabrında Soçidə İdliblə bağlı razılıq əldə etmişdik. Təəssüflər olsun ki, Suriyanın hökumət ordusu mülki obyektlərə zərbələr endirərək, bu razılaşmanı pozdu. Onların son aylar fəaliyyəti nəticəsində həmin bölgədə 500-dən çox insan ölüb, 200-ə yaxın insan yaralanıb. Hazırda 3,5 milyon suriyalı öz ölkəsindən kənarda yaşayır".

Ərdoğan ilə Putin arasında telefon danışığı olub

Ərdoğanın səfəri zamanı Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) rəhbəri Dmitri Roqozin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana kosmosa türk kosmonavt göndərməyi təklif edib. Dmitri Roqozin bu barədə Türkiyə Prezidenti R.T.Ərdoğanla MAKS-2019 Beynəlxlaq Aviasiya və Kosmos Sərgisində qısamüddətli görüşü zamanı deyib.

Görüş zamanı kosmosa türk kosmonavt göndərmək istədiklərini bildirən Roqozin “Sizə ortaq bir təklifimiz var: Cümhuriyyətinizin 100-cü ildönümünü orbitə türk kosmonavt göndərərək qeyd etmək. Kosmonavt Tədris Mərkəzi buna hazırdır” - deyə söyləyib.

Türkiyə Prezidenti Ərdoğan təklifi məmnuniyyətlə qarşılayıb.