İDMAN

"Qarabağ"ın taleyi rusiyalılara tapşırıldı

Həlledici oyun 29 avqust 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Sputnik

BAKI, 27 avqust — Sputnik. "Qarabağ" futbol klubunun UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild"ə qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, oyunun baş hakimi Rusiya Futbol Federasiyasından Sergey İvanov olacaq. Ona həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.

Qeyd edək ki, Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi "Qarabağ" öz meydanında Şimali İrlandiyanın "Linfild" klubunu qəbul edəcək. İlk görüş ötən həftə rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatmışdı. Həlledici oyun 29 avqust 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.