Tramp nə üçün Rusiyanı "G7"yə qaytarmaq istəyir

Fransanın Biarrits şəhərində baş tutmuş "G7" sammiti zamanı Rusiyanın təşkilata qaytarılmasını təkid edən Tramp digər liderlərlə qızğın mübahisəyə girib
Sputnik

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Amerika lideri Donald Tramp Rusiyanın "Böyük Yeddilər" (G7) təşkilatına qaytarılmasına dair bəyanatları ilə öz mövqeyini ifadə edir. Bunu Sputnik Azərbaycan-a rusiyalı politoloq Pavel Klaçkov deyib.

Makron: “G7 ölkələri İranla müharibə istəmir”

Bir müddət öncə "The Guardian" nəşri diplomatik mənbələrə istinadən xəbər verib ki, Fransanın Biarrits şəhərində baş tutmuş "G7" sammiti zamanı Rusiyanın təşkilata qaytarılmasında təkid edən Tramp digər liderlərlə qızğın mübahisəyə girib. Mübahisələr zamanı ABŞ lideri öz təşəbbüsünə qarşı çıxmış həmkarlarının iddialarını rədd edib.

Klaçkov qeyd edir ki, Trampın Rusiyanı "G7" təşkilatına qaytarmaq təşəbbüsündə iki aspekt var – strateji və taktiki. Strateji aspekt ciddi xarici siyasət çağırışlarını və qlobal problemləri Rusiyanın iştirakı olmadan müzakirə etməyin qeyri-mümkün olması ilə bağlıdır.

"Qərbin kütləvi informasiya vasitələrinin nə uydurduqlarına baxmayaraq, Rusiya hələ də qüdrətli güc olaraq qalır və onunla hesablaşmamaq mümkün deyil. Buna görə də müəyyən bir format lazımdır və yenidən aktivləşmiş "G7" də belə bir formata çevrilə bilər" - politoloq deyib.

Taktiki aspektə gəldikdə isə Klaçkov bildirib ki, Rusiyanın bir sıra Qərb dövlətləri ilə münasibətlərinin hazırkı mərhələsində ölkənin "G7" təşkilatına qayıtması qeyri-mümkün görünür. Onun fikrincə, heç Rusiya özü də bu təşkilata qayıtmağa elə də can atmır və bunu rusiyalı rəsmilərin bəyanatları da təsdiq edir.

"Düşünmürəm ki, Tramp səsləndirdiyi mövqe ilə "G7" liderlərinin (Rusiya haqqında – red.) mövcud olan rəylərini sındırmağa ümid edib, belə ki, Avropa ölkələrinin əsas liderləri təkidlə bildirirlər ki, Rusiyanı heç bir halda bu "klub"a qaytarmaq olmaz" - Klaçkov deyib.

Moskva G7-yə mümkün dönüşü şərh etdi

Onun fikrincə, əslində Rusiyanı təşkilata qaytarmaq heç də əsas məqsəd olmayıb: "Tramp çox güman ki, diqqəti bu məsələyə cəlb etmək istəyib. Çünki Amerika lideri dahi piarçıdır. O, diqqətçəkən fikirləri və populist addımları ilə məşhurdur" - politoloq deyib.

"Biz görürük ki, "G7" ilə bağlı məsələdə Tramp avropalı tərəfdaşlarının müqavimətinə baxmayaraq öz mövqeyini ifadə edir: hazırda bu ona nə üçünsə lazımdır" - Klaçkov bildirib.

"Təbii ki, hazırda Rusiya "G7" təşkilatına qayıda bilmir. Amerika liderinin bəyanatları isə yalnız bir piar addımıdır ki, bunun vasitəsilə o, avropalı tərəfdaşlarına təzyiq göstərməyə çalışır" - ekspert Sputnik Azərbaycan-a deyib.