BAKI, 26 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp Vladimir Putini 2020-ci ildə ABŞ-da keçiriləcək "Böyük yeddiliy"in sammitinə dəvət edəcəyini söz verib.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, Biarritsdə sammitin yekunlarına dair mətbuat konfransında Tramp deyib: "Mən onu dəvət edəcəyəmmi? Əlbəttə, edəcəm. Psixoloji cəhətdən gələ biləcəkmi? Hesab edirəm ki, bu, onun üçün çətin olacaq".
Tramp qeyd edib ki, Rusiya liderinin sammitə dəvət edilməsinin şəxsən onun özü üçün hansı nəticələr verəcəyi qətiyyən vecinə deyil.
"Mən işin siyasi tərəfinin qeydinə qalmıram, məni maraqlandırmır. Bu, yaxşıdırmı? Bəlkə də, hə, bəlkə də yox", - deyə ABŞ Prezidenti bildirib.
Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, "Yeddiliy"in liderləri Rusiyanın kluba dəvət edilməsi məsələsində razılığa gəlməyiblər. Ancaq onların hamısı Rusiya ilə dialoq aparmağın vacib olduğu qənaətindədir.
Bir qədər öncə Hindistanın Baş naziri Narendra Modi ilə görüşdən sonra Tramp jurnalistlərə demişdi ki, əgər çağırsalar, Rusiya "Böyük səkkizliy"ə qayıdacaq, amma özü zorla, çağırılmamış dəvət istəməyəcək.
"Mən heç gözləmirəm ki, onlar bunun üçün xahiş etsinlər. O (Vladimir Putin - red.), qürurlu adamdır, niyə görə xahiş etməlidir ki? Ancaq nəsə baş versə və onu çağırsalar, əminəm ki, "hə" deyəcək".