BAKI, 26 avqust — Sputnik. Daşkəsən rayonunda güclü külək və leysan yağış səbəbindən elektrik enerjisinin verilməsi dayanıb.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, leysan yağışla müşahidə olunan şimal-qərb küləyi bir neçə ağacın budaqlarını sındırıb, bəzi evlərin dam örtüyünü dağıdıb. Hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Qeyd edək ki, Gəncə şəhəri və dağlıq rayonlarda şimşək çaxır, güclü külək əsir, yağıntılı hava şəraiti davam edir.
Bildirək ki, hava şəraitinin dəyişəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dünən və bu gün məlumat yayıb. Məlumatda avqustun 26-da Böyük Qafqazın ayrı-ayrı yerlərində lokal leysan olacağı, dolu düşəcəyi bildirilir. Sabah da Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda yağış yağacağı, külək əsəcəyi gözlənilir.