CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı bağban şəkər və təzyiq dərmanını həyətində yetişdirir

Hazırda ağaclardan birinin üzərində 30-a yaxın meyvə var. Bağban deyir ki, onlar avqustun sonunda yetişəcək
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Bum - Qəbələ rayonunun ən böyük qəsəbələrindən biridir. Bura şabalıd, qoz və fındıq ağaclarının çoxluğu ilə digər kənd və qəsəbələrdən fərqlənir. Qəsəbə sakini Hakim Paşa da illərdir bağçılıq və tingçiliklə məşğuldur. Onun həyətyanı sahəsində çoxlu sayda dekorativ və meyvə ağacları görmək mümkündür.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, gündəlik dolanışığını tingçiliklə qazanan Hakim Paşa əsasən yaz-payız aylarında satış edir. Bir neçə il bundan qabaq Qəbələdə mürəbbə festivalı zamanı rayona qonaq gəlmiş hindli bir qonaq isə ona maraqlı fürsət bəxş edib: "Festivalda gəzərkən bir qonaqla tanış oldum. Bağbanlıqla məşğul olduğumu ona dedim".

Türkiyə türkü Qəbələnin "tərəkəmə" arıları ilə yerlilərə pul qazanmaq öyrədir

Həmin əsnada qonağın əlində fərqli bir meyvə görən Hakim Paşa onun nə olduğunu soruşur. Qonaq bunun hind narı olduğunu, ancaq isti ərazilərdə böyük qulluq hesabına yetişdiyini bildirir. Olduqca marağını çəkən bu meyvəni necə əldə etməyi soruşan Hakim Paşaya hindli qonaq əlindəkilərdən ikisini bağışlayır. Amma yenə də vurğulayır ki, buralarda hind narı yetişməz.

Tədbirdən sonra evə gələn bağban meyvəni incələməyə başlayır və meyvənin içində bir neçə nar dənəciyi olduğunu görür. Dənəcikləri meyvədən təmizləyərək böyük diqqətlə qurudan bağban səbirsizliklə yazın gəlməsini gözləyir. Yaz aylarında böyük özənlə dənəcikləri öncə nəm salfet altında suda saxlayır, bir neçə gündən sonra isə torpağa basdırır. Toxumların cücərməsi uzun çəkir.

Nəhayət, keçən il ilk dəfə olaraq bağban iki hind narı ağacı yetişdirməyə nail olur. O, əldə etdiyi meyvələrdən yaxınlarına və tanışlarına hədiyyə edir.

Azərbaycanda yeni rekord təzələndi>>

Hakim Paşa hamının xoşuna gələn bu meyvənin artıq kütləvi şəkildə yetişdirilməsini planlaşdırır. Bağban deyir ki, övladlarının internetdə apardıqları araşdırmadan məlum olub ki, həmin meyvə qan təzyiqi, şəkər və digər xəstəliklərin müalicəsində geniş istifadə edilir və həmin xəstəliklərdən əziyyət çəkən insanlar üçün olduqca xeyirlidir.

Hazırda ağaclardan birinin üzərində 30-a yaxın meyvə var. Bağban deyir ki, onlar avqustun sonunda yetişəcək.