İQTİSADİYYAT

Bir “Relax”ın izi ilə: Növbəti il “qara ildir”, başınıza indidən çarə qılın

Ekspert: “Bu gün Dərnəgüldə olan mağazalara, "Sədərək" və "Binə" ticarət mərkəzlərində olan obyektlərə baxsaq, vergi ödəmə məsələlərindən kənarda qalıblar"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. "Bu ilin yanvar ayından Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minəndən sonra Vergilər Nazirliyi bəyan edib ki, əsas hədəflərdən biri Azərbaycanda kölgə iqtisadiyyatının həcmini azaltmaqdır. Ölkədə kölgə iqtisadiyyatının həcmi böyükdür. Kölgə iqtisadiyyatı o deməkdir ki, hər hansı bir istehsal olunan məhsul və yaxud da xidmət uçota alınmır, yəni heç bir uçotu həyata keçirilmir. İstehsal olunan məhsul və yaxud da xidmət uçotdan kənardırsa, deməli, bunu hökumət görmür, yəni kölgədədir".

Vergi verən mərd olar: 110%-i ötdük

Bunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a deyib.

O, bildirib ki, ona görə də son dövrlər aparılan işlər bütün əməliyyatların uçota alınması məqsədi daşıyır: "Məsələn, "Relax" istirahət mərkəzinin timsalında çox obyektlər var ki, müxtəlif səbəblər ucbatından kölgə iqtisadiyyatının tərkibində qalıblar. Normalda isə istirahət mərkəzləri və digər obyektlər xidmət göstərirsə və yaxud mal və məhsul istehsal edirsə, satış zamanı hamısı rəsmiləşməlidir. Mədaxil qəbzi, elektron qaimə və yaxud kassa çeki ilə rəsmiləşmə aparılmalıdır. Məsələn, bu gün Dərnəgüldə olan mağazalara, "Sədərək" və "Binə" ticarət mərkəzlərində olan obyektlərə baxsaq, vergi ödəmə məsələlərindən kənarda qalıblar".

"Hökumət də bununla bağlı elan verirdi ki, 2018-ci il keçid ilidir, yəni bir növ güzəşt ilidir, hamı könüllü şəkildə öz fəaliyyətini rəsmiləşdirsin. 2019-cu ildə də bu rəsmiləşdirmə çağırışı edildi. Çünki 2020-ci yanvarın 1-dən Vergi Məcəlləsinə olan köklü düzəlişlər qüvvəyə minəcək" – deyə o qeyd edib.

Ekspert bildirib ki, ona görə də 2020-ci ildə görüləcək tədbirlər builkindən daha da sərt olacaq, yəni vergi ödəməyən, vergidən yayınan, şəffaf fəaliyyət göstərməyənlərə qarşı ciddi tədbirlər görüləcək: "Belə olmayanda isə vergi ödəyən, təmiz işləyən müəssisələrə qarşı böyük haqsızlıq edilmiş olur. Çünki rəsmi şəkildə işləyən müəssisələr qeyri-rəsmi işləyən müəssisələr ilə rəqabət apara bilmirlər. Qeyri-rəsmi işləyən müəssisələr vergi və sosial ödəmələr həyata keçirmirlər və ona görə də məhsullarının maya dəyəri aşağı düşür, bazarda qiymətləri aşağı sala bilirlər. Ona görə də rəqabətin əsas şərtlərindən biri hamı üçün bərabər şəkildə oyun qaydalarının formalaşdırılmasıdır. Vergi mühiti də hamı üçün bərabər olmalıdır".

Deputat idxal vergisindən şikayət etdi: “40 faiz vergi tətbiq olunur”

İqtisadçı-ekspert Vüqar Bayramov "Relax" istirahət mərkəzinin 7 ayda 972 manat vergi ödəməsi faktını şərh edib: ""Relax" istirahət mərkəzi bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər bir obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib. Və deməli, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub. 14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadə də 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir".

"Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlər ilə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasını göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır" – deyə ekspert bildirib.

Onun sözlərinə görə, "Relax" az vergi ödəyən birinci şirkət deyil və sonuncu da olmayacaq: "Vergilər Nazirliyinin bu məsələdə prinsipal mövqeyi təqdirəlayiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərli aparılmasından və təbii ki, real sektorda "himayəçiliyin" aradan qaldırmasından asılı olacaq".

Qeyd edək ki, "Relax" istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Vergilər, Daxili İşlər nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər həbs edilib və faktla bağlı cinayət işi açılıb.