İQTİSADİYYAT

Hətta nazir də eyni sözü deyir – Eyni nöqtəyə də vurmağın vaxtı çatıb

Ekspert: "Bir məhsul səyyar satışa çıxanadək orta hesabla 3 və ya 4 əldən keçir, yəni vasitəçilər və yaxud alverçilər buraya öz mənfəətini əlavə edir və nəticədə bu qiymətlər formalaşır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Avqustun 22-də Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov və Kənd Təsərrüfatı naziri İnam Kərimov mətbuat nümayəndələrinin iştirakı ilə ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə ticarət mərkəzinə baxış keçiriblər.

Sığorta bazarına yeni qiymət gəlir – Kimin udacağı, kimin uduzacağı bilinmir

Sputnik Azərbaycan xəbər verir ki, reyd zamanı üç müxtəlif ticarət mərkəzində olduqlarını, məhsulların qiymətlərinin və xidmətlərin bir-birindən fərqləndiyini bildirən Əli Əhmədov mətbuat nümayəndələrinə açıqlamasında əhalinin müxtəlif təbəqələrinin ehtiyaclarının ödənilməsi üçün müxtəlif səviyyəli xidmətlər və məhsulların təklif edildiyini, eləcə də yüksək qiyməti olan məhsullara rast gəlindiyini deyib: "Biz məhsulların qiymətində müşahidə etdiyimiz fərq barədə də düşünməliyik. Xüsusilə bazardakı məhsullarla yarmarkadakı məhsulların qiyməti arasında çox böyük fərq nəzərə çarpır. Hökumət bunun üzərində ciddi şəkildə düşünməlidir. Biz qiymət artımının qarşısını bolluq yaratmaq yolu ilə almalıyıq. Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir. Ən təsirli tədbirlərdən biri o ola bilər ki, satış mərkəzlərinin və vasitəçi mərkəzlərin sayı artırılsın. İnsanlara xidmət göstərən satış mərkəzləri, habelə fermerdən məhsulu alıb bu mərkəzlərə çatdıran vasitəçilərin sayı nə qədər çox olarsa, qiymət də lazımınca tənzimlənər".

Qiymət fərqi ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, bazarda süni qiymət artımı hiss edilir: "İqlim amili və yaxud ləngimə olanda bu, dərhal bazarlarda özünü göstərir. Bakının daha çox elit bazarlarında, xüsusilə "Yaşıl bazar"da ilin bütün mövsümlərində qiymətlər fərqlənir. İlk növbədə istehsalçıların bazara çıxış imkanlarını genişləndirməliyik. İstehsalçılarımız birbaşa və dinamik bazara çıxa bilmirlər və onlar məcburdurlar ki, məhsullarını kiməsə versinlər".

"Bir məhsul səyyar satışa çıxanadək orta hesabla 3 və ya 4 əldən keçir, yəni vasitəçilər və yaxud alverçilər buraya öz mənfəətini əlavə edir və nəticədə bu qiymətlər formalaşır. Ən asan çıxış yolu nəinki Bakıda, hətta regionlarda ixtisaslaşmış yarmarkaların açılmasıdır. Sovet dövründə bu ənənə mövcud idi və indi də bunu bərpa etmək olar. Gündəlik yarmarkaları bölgələrdə də keçirmək olar. Bu cür mexanizmlərlə bazardakı qiymətlərə təsir etmək mümkündür" – deyə o bildirib.

Ekspert deyib ki, sərt addımlar atılmasının tərəfdarı deyil: "Çünki bu, istehsalçının mənfəətinə təsir edəcək, eyni zamanda vasitəçilərin də fəaliyyətində fasilə yarada bilər. Bazara ucuz məhsullar təklif etmək lazımdır. Yəni bazarın tənzimlənməsi sırf iqtisadi mexanizmlər əsasında olmalıdır. İmkan yaratmaq lazımdır ki, bazara ucuz məhsul təklif edənlər daha çox olsun. Süni qiymət artımı ona görə var ki, bazara qiymət təklif edənlər məhdud saydadır. Hətta bəzən kartel sövdələşmələrinə gedirlər, bir məhsula qiymət qoyub o şəkildə bazara çıxırlar və qiymət belə formalaşır".

Onun sözlərinə görə, bu gün bütün dünyada tədarük mexanizmləri var: "Bu, hər ölkədə özünəməxsus şəkildədir. Bəzi ölkələrdə dövlət özü sifarişçidir. Məsələn, İranda istehsalçı ilin əvvəlində, yəni bir il əvvəldən bilir ki, dövlət ondan nə qədər və hansı qiymətə məhsul alacaq. Bu, mexanizm İranda tətbiq edilir. İkinci istiqamət odur ki, daha çox liberal bazar yönümlü ölkələr istehsalçıların özünü stimullaşdırır".

O qeyd edib ki, bu gün bizdə xırda istehsalçılar çoxdur və bunların bazara çıxması üçün logistik imkanlar və s. lazımdır: "Məsələn, Cəlilabadda ənənəvi kartof istehsalçıları var. Amma yüzlərlə kartof əkənlər yolu kənarında gözləyir ki, kimsə gəlib məhsulu alsın və gəlib alan da alverçi olur. 

Bir manata satılan zəhər: Həm qiymət şübhəlidir, həm keyfiyyət
Burada kooperasiya lazımdır. Cənubi Koreya təcrübəsinə baxsaq, ixtisaslaşmış kooperasiyalar mövcuddur. Bir kooperasiya əkinlə məşğul olur, digər kooperasiya isə həmin məhsulu qablaşdırır, bazarlara çıxardır, alıcı tapır. Mexanizmin bu hissəsi bizdə yoxdur. Əkinçiliklə məşğul olanların məhsulu götürüb bazara gedib satması mümkün deyil. Ona görə də alverçilər gəlib istədiyi qiyməti diktə edirlər".

"Rayonlarda kooperasiyaların olması mühüm məsələdir. Məhsulun qablaşdırılması və bazara çıxarılması məsələsini həll edə bilsək, bu, bazardakı qiymətlərə təsir edəcək. İsrail təcrübəsinə də baxsaq, ixtisaslaşmış kooperasiyalar var. Məsələn, marketinq kooperasiyası var və onlar əkin və satış işinə baxmır, yalnız marketinq xidmətləri göstərir. Bazar qiymətlərini araşdırır, hansı məhsulun əkilməsi ilə bağlı tövsiyələr verir və s. Bu, Azərbaycanda da formalaşmalıdır" – deyə ekspert bildirib.

Qeyd edək ki, Baş Nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti süni qiymət artımına yol verilməməsinə çox ciddi nəzarət edir: "Hökumət də bu məsələni daim diqqət mərkəzində saxlayır. Çalışmalıyıq ki, vətəndaş məhsulun keyfiyyətindən, qiymətindən və xidmətdən məmnun qalsın”.

İctimai nəzarətin də önəminə toxunan Baş Nazirin müavini bunun ən səmərəli vasitələrindən birinin mətbuat olduğunu vurğulayıb. O, KİV-in bu işdə fəal olmasını və hökumətə dəstək göstərməsini tövsiyə edib.

"Burada xidmətlərin səviyyəsi və keyfiyyəti bir-birindən fərqlənir. Bütün bunların hamısı müsbət haldır. Eyni zamanda, bizi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda məhsul bolluğu əsasında məhsulun qiymətinin mümkün qədər aşağı salınması təmin edilsin. Biz istəyirik ki, "tarladan-süfrəyə" zəncirində iştirak edən hər iki tərəf – fermer də, istehlakçı da məmnun qalsın. Fermerlər istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilsinlər ki, ailə büdcələrini formalaşdırsınlar, digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişli olmalıdır", - deyə Baş Nazirin müavini qeyd edib.

Baş Nazirin müavini qeyd edib ki, son illər Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Beləliklə də əhalinin ərzaq təhlükəsizliyi problemi demək olar ki, həllini tapıb. Hazırda ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir.