BAKI, 23 avqust — Sputnik. Cümə günü Çeçenistanın Şali şəhərində Avropanın ən böyük məscidinin açılışı baş tutub.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, açılış mərasimi zamanı Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov məscidin İslam peyğəmbəri Məhəmmədin şərəfinə adlandırılacağını deyib.
Bir müddət öncə xəbər verilib ki, Şali şəhərinin sakinlərinin qərarına əsasən, məscid Kadırovun şərəfinə adlandırılacaq.
Avropanın ən böyük məscidinin daxilində 30 mindən çox, ətrafında yerləşən ərazidə isə 70 minədək insan ibadətini yerinə yetirə biləcək. Məscid ağ mərmərdən tikilib və binanın tərtibatında qızıldan və əllə çəkilmiş naxışlardan istifadə olunub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Çeçenistan sakinlərini Avropanın ən böyük məscidinin açılması münasibətilə təbrik edib.