İDMAN

"Neftçi" Dabo insidenti ilə bağlı bəyanat yaydı

"Sosial mediada yazdığınız hər bir təhqir məşqçi və futbolçu heyətinin ailə üzvləri tərəfindən oxunula bilər"
Sputnik

BAKI, 22 avqust — Sputnik. “Neftçi” PFK bu gün bəyanat yayıb.

Sputnik Azərbaycan bildirir ki, bəyanatda klubun bu mövsüm Avropa Liqasındakı son oyunundakı uğursuz nəticənin həm komandanı, həm də azarkeşlərini çox məyus etdiyi vurğulanır. Bildirilir ki, bu səbəbdən azarkeşlər tərəfindən gələn reaksiyanı klub rəhbərliyi, məşqçilər və futbolçular normal qarşılayırlar.

"Lakin istər klub rəhbərliyinin, istər məşqçilərin, istərsə də futbolçuların və onların ailə üzvlərinin təhqir olunması yolverilməzdir. Bildiririk ki, sosial mediada yazdığınız hər bir təhqir məşqçi və futbolçu heyətinin ailə üzvləri tərəfindən oxunula bilər. Bu isə xoşagəlməz halların yaranmasına gətirib çıxarır, komanda üzərində əlavə təzyiqlər yaradır, futbolçuların toparlanmasına mane olur", - deyə bəyanatda qeyd olunur.

Klubun əcnəbi oyunçusu Baqali Dabonun sosial mediadakı son paylaşımları ilə əlaqədar  rəhbərliyin futbolçu ilə görüşüb, ciddi söhbət apardığı və daxili intizam kodeksinə uyğun olaraq müvafiq addımlar atdığı bildirilir. Eyni zamanda futbolçulara və məşqçilər heyətinə mətbuata veriləcək açıqlamalarda, azarkeşlərlə bağlı məsələlərdə daha diqqətli olmaları nəzərlərinə çatdırılıb.

"Klubda gedən hər bir proses nəzarət altındadır. İstəyirik ki, azarkeşlərimiz də hәmişәki kimi komandanın yanında olsunlar. Həmişə olduğu kimi hədəfimiz çempionluqdur. Bu mövsüm birlikdə buna nail olmağa çalışacağıq. Biz qələbələr üçün var gücümüzlə sonacan döyüşəcəyik. Çәtin yolda komandanın ruhu həm də sizdәn asılıdır!" - deyə klub azarkeşlərini birliyə səsləyib.