CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda övladıyla qeyri-insani davranan ana tək deyil - Komitə məktub hazırlayır

Yaxın bir neçə gün ərzində prokurorluqla yanaşı, Monitorinq Mərkəzi də bu istiqamətdə iş aparacaq. Ehtiyac yaranarsa, həmin uşaqla psixoloq işləyəcək
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Bakıda ananın azyaşlı oğlunu evdə zəncirləməsi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Monitorinq Mərkəzində araşdırmalara başlanılacaq.

"Polisin işidir, mənə nə..." deyib keçməyin

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev məlumat verib. O bildirib ki, hazırda bununla bağlı Komitə tərəfindən məktub hazırlanır: "Ananın öz azyaşlı övladını evdə zəncirləyərək saxlaması Komitəni də ciddi narahat edən məsələdir. Qeyd edim ki, regionlarda belə hallara rast gəlinir. Bu hadisə ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Monitorinq Mərkəzində araşdırılma aparılması üçün Komitə rəhbərliyi adından məktub hazırlanır. Yaxın bir neçə gün ərzində prokurorluqla yanaşı, Monitorinq Mərkəzi də bu istiqamətdə iş aparacaq. Ehtiyac yaranarsa, həmin uşaqla psixoloq işləyəcək".

Xatırladaq ki, avqustun 20-də polisə paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində azyaşlının ayaqlarından zəncirlənməsi barədə məlumat daxil olub. Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.

Azərbaycanda uşaqlar üçün "yaşıl otaq" təklifi mübahisə doğurub>>

Yevlax şəhərində anadan olan Ömər Həsənlinin anası Şahanə İsmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə (səhər saat 8:00-dan axşam saat 00-00-dək) nəzarətsiz qoyublar. Bu müddət ərazində azyaşlının heç hara getməməsi üçün ayaqlarını zəncirlə bağlayıblar. Ş.İsmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib. Araşdırma zamanı Nəsimi RPİ İctimai təhlükəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub. Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub.